Veloyürüşdə qəza: 30 velosipedçi bir-birinə çırpılıb
"Ciro d'İtaliya" veloturunun ikinci mərhələsinin finişinə 20 kilometr qalmış zəncirvari qəza baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Mərhələ Bolqarıstanın Burqas şəhərində start götürüb və 221 kilometrlik məsafədən sonra Veliko-Tırnovo şəhərində başa çatmalıdır.
Qəza pelotonun ön hissəsində, döngələrin birində qeydə alınıb. İlk olaraq "UAE Emirates" komandasının velosipedçiləri yıxılıblar.
"Mundo Deportivo" nəşrinin məlumatına görə, hadisə nəticəsində təxminən 30 velosipedçi bir-birinə çırpılıb. Qəzanın ağırlaşmasına səbəb olan amillərdən biri də yol kənarında yerləşən iti kənarlı dəmir maneələr olub.
Hadisədən sonra yarış müvəqqəti olaraq dayandırılıb.
Velosipedçi Cey Vayn finiş xəttinə çata bilməyib və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Qeyd edək ki, "Ciro d'İtaliya" cari mövsümün ilk "Grand Tour" veloyürüşüdür. Yarışın son qalibi isə artıq karyerasını başa vurmuş britaniyalı velosipedçi Saymon Yeyts olub.