Vens: ABŞ İranın dünya iqtisadiyyatına qayıdışını dəstəkləməyə hazırdır
ABŞ Prezidenti Donald Tramp ABŞ-İran münasibətlərindəki 47 illik böhranın fəsadlarını aradan qaldırmağa çalışır, lakin bu prosesin uğuru Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olmasından asılıdır.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında iqtisadçı Elçin Rəşidov bildirib ki, İranın dünya iqtisadiyyatına qayıdışının dəstəklənməsi müəyyən müqavilə şərtləri və öhdəliklər çərçivəsində mümkündür:
“İran bu öhdəliklərə əməl etdiyi halda beynəlxalq iqtisadi sistemə inteqrasiyası sürətlənə bilər. Bunun nəticəsində ölkənin siyasi və iqtisadi mövqeyi də güclənər. Bu prosesin əsas iqtisadi təsirlərindən biri enerji bazarında görünə bilər. İranın neft və qaz istehsalı, eləcə də ixracı artdıqca bazarda təklif genişlənər. Enerji təklifinin artması isə qiymətlərin aşağı düşməsinə və rəqabətin güclənməsinə səbəb olar. Bu vəziyyətdə enerji ixrac edən ölkələr müəyyən mənada uduzan tərəf olurlar, çünki gəlirləri azalır. Eyni zamanda enerji qiymətlərinin aşağı düşməsi yaşıl enerjiyə olan marağın və investisiyaların da müəyyən qədər azalmasına səbəb ola bilər. Sanksiyaların yumşaldılması və ya ləğvinin neft qiymətlərinə təsiri ilə bağlı suala gəldikdə isə, ümumiyyətlə, bu addım qiymətləri aşağı salan amil kimi qiymətləndirilir. Əgər İran neft satışına tətbiq olunan sanksiyalardan azad olarsa, öz neftini daha geniş və qanuni şəkildə dünya bazarına çıxara bilər. Təklifin artması nəticəsində qlobal neft qiymətləri üzərində aşağı istiqamətli təzyiq yaranar. Belə vəziyyətdə OPEC qiymətlərin kəskin enməsinin qarşısını almaq üçün hasilat siyasətində müəyyən düzəlişlər etməyə çalışa bilər”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın vəziyyətinə gəldikdə isə, bu proses əsasən mənfi təsir göstərə bilər:
“Neft və qaz qiymətlərinin aşağı düşməsi ölkənin ixrac gəlirlərini azaldar. Bundan əlavə, Avropa bazarında İranın fəallaşması Azərbaycan üçün əlavə rəqabət yaradar. Bununla yanaşı, müəyyən müsbət tərəflər də mövcuddur. İranla iqtisadi münasibətlərin genişlənməsi regional ticarət, logistika və nəqliyyat əlaqələrinin inkişafına kömək edə bilər. Daşınmaların asanlaşması və bəzi məhsullar üzrə idxal xərclərinin azalması mümkündür. Digər tərəfdən, bəzi Azərbaycan məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının Körfəz ölkələri bazarlarına çıxışı üçün yeni imkanlar yarana bilər”.
Selcan Xudiyeva