Vensdən İranla bağlı yeni mərhələ mesajı: ABŞ-İran qarşıdurması daha da kəskinləşə bilər
ABŞ vitse-prezidenti Ceyms Devid Vens ABŞ ilə İran arasındakı münaqişənin yaxın aylarda “tamamilə fərqli bir mərhələyə” keçəcəyini bildirib. Onun sözlərinə görə, hazırda Vaşinqtonun əsas diqqəti İranın nüvə və hərbi imkanlarının zəiflədilməsinə yönəlib. Növbəti mərhələdə isə Tehranın hərbi potensialını yenidən bərpa etməsinin qarşısının alınması hədəflənir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev bildirib ki, ABŞ-İran münaqişəsində yeni mərhələnin başlayacağı ilə bağlı bəyanatlar son dövrlərdə dəfələrlə səsləndirilib. Onun fikrincə, əvvəlki anonsların bir qisminin sonradan reallaşmaması bu açıqlamaların qiymətləndirilməsini çətinləşdirir.
“Yeni mərhələ ilə bağlı verilən və sonradan özünü doğrultmayan anonslar sanki hər iki tərəfin vəziyyətə tam nəzarət edə bilmədiyini və müxtəlif amillərdən asılı olduğunu göstərir. Eyni zamanda, bu cür bəyanatlar bəzən daxili siyasətə hesablanmış təbliğat tezisindən başqa ciddi rol oynamır”.
Aydın Quliyev Vensin açıqlamasına isə daha fərqli yanaşmağın mümkün olduğunu düşünür. Onun sözlərinə görə, vitse-prezidentin İran məsələsinə yanaşması ABŞ administrasiyasının digər üzvlərindən müəyyən qədər fərqlənib.
“Vensin əvvəldən İranla bağlı sərt siyasət tərəfdarları ilə tam həmrəy olmayan dövlət xadimlərindən biri olduğu qeyd edilirdi. Hətta onun Trampın İranla müharibəsini dəstəkləməyən şəxslər sırasında olduğu da bildirilirdi. İddialara görə, Vens Trampın İranla müharibəsini vəzifəsi naminə məcburən dəstəkləyən şəxslərdən biri idi”, – deyə o qeyd edib.
Siyasi şərhçi hesab edir ki, bu səbəbdən Vensin “yeni mərhələ” ifadəsini konkret hansı istiqamətdə işlətdiyini birmənalı müəyyənləşdirmək çətindir. Onun fikrincə, bu, daha kəskin hərbi əməliyyat mərhələsini nəzərdə tuta, yaxud ABŞ rəhbərliyinin münaqişənin növbəti mərhələsində kompromis imkanlarını araşdırması ilə bağlı ola bilər.
Aydın Quliyev eyni zamanda münaqişənin uzanmasının regional təhlükəsizlik baxımından yaratdığı risklərə diqqət çəkib. O bildirib ki, qarşıdurma davam etdikcə onun coğrafiyasının genişlənməsi və humanitar fəsadların artması ehtimalı yüksəlir.
“Münaqişə uzandıqca humanitar fəlakətin miqyası böyüyür və İran-Amerika probleminin sülh yolu ilə həlli imkanları getdikcə azalır”, - deyə siyasi şərhçi bildirib.
Onun sözlərinə görə, münaqişənin yeni mərhələsinin daha kəskin döyüşlər və zərbələrlə müşayiət olunması ABŞ-nin regiondakı müttəfiqləri ilə münasibətlərinə də təsir göstərə bilər. Xüsusilə Körfəz ölkələrində Vaşinqtonun siyasətinə münasibətdə fikir ayrılıqlarının dərinləşməsi ehtimalını qeyd edən Aydın Quliyev bildirib ki, qarşıdurmanın genişlənməsi ABŞ-dən uzaqlaşmaq meyillərini gücləndirə bilər.
Aişə Mustafayeva