"Verdiyi dəyər qədər dəyərlidir müəlliməm"
Düşünürəm ki, hər bir tələbənin həyatında ona doğma, əziz, müəllimdən də ötə olan bir şəxs olur. Mənim də tələbəlik illərində digər müəllimlərimdən fərqləndirdiyim Sevil xanımdır. Onun haqqında düşünərkən insanın qəlbində xoş düşüncələr, gözlərində isə sevinc yaranır. Necə ki, xoşbəxtlik insanı ələ verən ilk duyğudur.
Sevil müəllimə ilə tanışlığımız 3-cü kursun ilk semestrinə təsadüf edir. Bizə seçmə fənn olan “Radioda praktik iş” fənnini tədris edirdi. Mühazirələrimiz 301-ci otaqda, seminarlarımız “Tədris Teleradio Studiyasında” keçirilirdi. Müəllimin bizi xoş qarşılaması, hər tələbəyə ayrı-ayrı qayğı göstərməsi, bizi öyrətmək həvəsi bu fənni seçənlərin necə şanslı olduğunun göstəricisi idi.
Dərsimizin ən maraqlı tərəflərindən də biri bu idi ki, hər bir tələbəyə fərdi bacarığı üzərindən yanaşılırdı. Kimi səs yazma otağında xəbər səsləndirir, kimi dərs danışır, kimi slayd təqdim edirdi. Müəllim bizi radionun əvvəlki günlərinə aparır, “Bulaq”, “Xoruz baba” kimi radio verilişlərinə baxırdıq.
Həmin semestr bizim üçün çox maraqlı və yadda qalan oldu. Digər tələbələrlə Sevil müəllimənin yolu ayrılsa da, bizimki ayrılmadı.
Arada müəllimlə danışır, əhvalını soruşuram. Dərsə tez getdikdə isə mütləq kafedraya gedir, müəlliməmlə görüşürəm. Hər zaman məni səbirlə dinləyir, valdeyn kimi düzgün yol göstərir.
Bugünkü kimi yadımdadır ki, məni məyus edən bir hadisəni ona danışanda necə də mənim üçün narahat olub, dərdimə şərik oldu. O təkcə mənim müəlliməm deyil, həm də dostumdur.
Müəllimin qayğıkeşliyi hər kəsdə xoş təəsürat yaradır. Universitetə daxil olan saniyədən gördüyü, tanıdığı insanlarla mehribanlıqla salamlaşır, qarşı tərəfə müsbət enerji ötürür. Bu cür gülərüz müəllimdən kim narazı olar axı?!
Hər hansı bir müəllimin sevimli, oxuyan tələbəsi olmaq iddiasında olmamışam. Lakin ən əziz müəlliməmdən “Bütün tələbələrimi çox istəyirəm, amma ən sevdiyim tələbəm sənsən” cümləsini eşitmək çox dəyərli idi. Dəhlizdə, sinif otaqlarında, yolda qarşılaşdığımız zaman dərslərimlə, işlərimlə maraqlanmağı isə ayrı bir dəyərdir. Verdiyi dəyər qədər dəyərlidir, müəllimim.
Bu gün bu yazımla gec də olsa, Sevil xanımı, təbrik edir, ona pedoqoji həyatında uğurlar arzulayıram! Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ilk professor adına layiq görülmüş qadın müəllim odur. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Aysel Nəcəfova, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
