Viniçius Junior Real Madrid azarkeşlərindən üzr istəyib
Real Madrid-in yarımmüdafiəçisi Viniçius Junior bazar günü Barcelona ilə keçirilən gərgin “El Klasiko” qələbəsində əvəzlənməsinə göstərdiyi reaksiyaya görə azarkeşlərdən üzr istəyib.
Viniçius 72-ci dəqiqədə meydandan çıxarılıb və narazılığını birbaşa tunelə yollanmaqla ifadə edib.
Braziliyalı futbolçu daha sonra ehtiyat oturacaqlarına qayıdıb və komandasının 2-1 hesablı qələbəsindən sonra xoşagəlməz görüntülər zamanı Barcelona futbolçusu Lamine Yamal ilə qarşıdurma yaratmağa cəhd edib.
“Bu gün “Klasiko”da əvəzləndiyim anda verdiyim reaksiyaya görə bütün madridistalardan üzr istəyirəm”, – Viniçius X sosial şəbəkəsində paylaşım edib.
“Bugünkü məşq zamanı komanda yoldaşlarımdan, klubdan və prezidentdən artıq üzr istədiyim kimi, bir daha üzr istəyirəm.
Bəzən qazanmaq və komandama kömək etmək istədiyim üçün ehtiras məndən üstün olur. Rəqabətçi xarakterim bu kluba və onun mənası olan hər şeyə duyduğum sevgidən doğur".
Viniçius 2018-ci ildə Flamengo-dan Real Madrid-ə 38,7 milyon funt sterlinqə transfer olunub və 335 oyunda 111 qol vurub.
Lakin son aylarda yayılan məlumatlara görə, uyğun təklif gəldiyi halda klubun 25 yaşlı futbolçunu buraxma ehtimalı var və onun Madriddəki gələcəyi hələ də qeyri-müəyyəndir.
Bazar günü Viniçius əvəzlənərkən, Dazn yayımçısının kameraları onun belə dediyini qeydə alıb: “Həmişə mən! Mən komandadan gedirəm! Daha yaxşısı budur ki, gedim, gedirəm".
O, X-də yaydığı son açıqlamada əlavə edib: “Real Madrid-in xeyri üçün hər saniyə döyüşəcəyimə söz verirəm, necə ki, ilk gündən belə etmişəm".
BBC NEWS
Eslanda Kulieva
