00:00:00
Yazar
Elmira Ağayeva
23.07.2026 21:07 35 2 dəq oxuma
Sosial

Virtual oyunlar uşağa zərər verirmi?

Virtual oyunlar uşağa zərər verirmi?

 

Virtual oyunlar uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Rəqəmsal texnologiyaların inkişafı ilə birlikdə uşaqların ekran qarşısında keçirdiyi vaxt da artıb.
    

Mövzu ilə bağlı psixoloq Nizami Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, virtual oyunlar özü-özlüyündə zərərli deyil:

 

“Onların uşağa təsiri daha çox oyunun məzmunundan, oynanma müddətindən, uşağın yaşından və valideyn nəzarətindən asılıdır. Düzgün seçilmiş və yaşa uyğun oyunlar uşağın diqqət, problem həll etmə, məntiqi düşünmə və əl-göz koordinasiyasının inkişafına müəyyən töhfə verə bilər. Problem oyunun özü deyil, onun nəzarətsiz və həddindən artıq istifadəsidir. Uzun müddət ekran qarşısında qalmaq isə uşağın emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Fiziki hərəkətin azalması, yuxu rejiminin pozulması, ailə və həmyaşıdlarla ünsiyyətin zəifləməsi zamanla əsəbilik, diqqət dağınıqlığı və emosional yorğunluq yarada bilər. Xüsusilə, kiçik yaşlı uşaqların beyni real həyat təcrübələri, oyun və canlı ünsiyyət vasitəsilə inkişaf etdiyi üçün ekran vaxtının həddindən artıq olması bu prosesə mənfi təsir edə bilər. Virtual oyunların aqressiya yaratması ilə bağlı isə birmənalı fikir söyləmək düzgün olmaz. Hər oyun oynayan uşaq aqressiv olmur. Ancaq zorakılıq məzmunlu oyunların uzun müddət və nəzarətsiz şəkildə oynanması bəzi uşaqlarda aqressiv davranışların təqlid edilməsinə, emosional həssaslığın azalmasına və münaqişələri zorakılıq yolu ilə həll etməyin normal qəbul edilməsinə təsir göstərə bilər. Eyni zamanda bəzi uşaqlar real ünsiyyətdən uzaqlaşaraq daha qapalı olmağa üstünlük verə bilərlər. Bu, xüsusilə oyun gündəlik həyatın, dost münasibətlərinin və digər fəaliyyətlərin yerini tutmağa başlayanda daha çox müşahidə olunur. Valideynlərin rolu burada həlledicidir. Ən vacib məsələ telefonu və ya oyunu tam qadağan etmək deyil, sağlam sərhədlər müəyyənləşdirməkdir. Uşağın yaşına uyğun oyun seçmək, ekran vaxtını məhdudlaşdırmaq, açıq havada oyun, idman və ailə ilə birlikdə keçirilən vaxtı artırmaq lazımdır. Valideyn imkan daxilində uşağın hansı oyunları oynadığını bilməli və onun rəqəmsal həyatı ilə maraqlanmalıdır. Əgər uşaq oyundan uzaqlaşanda güclü aqressiya göstərir, dərsə marağını itirir, sosial münasibətlərdən çəkilir və ya gündəlik həyatı əsasən oyun üzərində qurulursa, bu artıq rəqəmsal asılılığın əlaməti ola bilər və mütəxəssis dəstəyi faydalı ola bilər. Ümumilikdə məqsəd uşağı texnologiyadan uzaqlaşdırmaq deyil, ona rəqəmsal mühitdən sağlam və balanslı istifadə etməyi öyrətməkdir. Bu bacarıq müasir dövrdə uşağın psixoloji sağlamlığı üçün ən vacib amillərdən biridir”.

 

Mələk Hüseynova

#Virtual #oyun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər