00:00:00
Yazar
Elmira Ağayeva
09.07.2026 20:27 27 2 dəq oxuma
Gündəm

Viza maneələri aradan qalxır: Azərbaycan–İordaniya əməkdaşlığında yeni dövr

Viza maneələri aradan qalxır: Azərbaycan–İordaniya əməkdaşlığında yeni dövr

Azərbaycan və İordaniya arasında viza tələblərinin qarşılıqlı ləğvi ilə bağlı saziş iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Ekspertlər hesab edirlər ki, bu addım təkcə vətəndaşların sərbəst hərəkət imkanlarını genişləndirməyəcək, eyni zamanda iqtisadi, turizm, humanitar və siyasi əməkdaşlığın dərinləşməsinə, Azərbaycanın Yaxın Şərqdə strateji mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

 

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlərdə viza rejiminin sadələşdirilməsi dövlətlər arasında etimadın və əməkdaşlığın  mühüm göstəricilərindən hesab olunur:

 


"Azərbaycan üçün bu sazişin əsas strateji üstünlüklərindən biri Yaxın Şərq regionunda əlaqələrin genişləndirilməsi və ölkənin regional kommunikasiya imkanlarının artırılmasıdır. İordaniya siyasi sabitliyi, ərəb dünyasında xüsusi mövqeyi və beynəlxalq diplomatik əlaqələri ilə seçilən ölkələrdən biridir. Bakı–Əmman münasibətlərinin inkişafı Azərbaycanın ərəb dövlətləri ilə əməkdaşlıq siyasətinə əlavə dinamika gətirə bilər. Bu addım Azərbaycanın özünü regionlararası əlaqələrin mühüm mərkəzlərindən biri kimi təqdim etmək strategiyasına da uyğundur".

 


Rəşad Bayramovun sözlərinə əsasən, viza rejiminin ləğvi turizm sahəsində də müsbət nəticələr vəd edir. Sərbəst gediş-gəliş turist axınının artmasına, səyahətlər zamanı inzibati maneələrin azalmasına şərait yarada bilər:

 


"İordaniyanın zəngin tarixi-mədəni irsi, qədim şəhərləri və dini turizm imkanları, Azərbaycanın isə tarixi abidələri, təbiəti, müasir turizm infrastrukturu və mədəni irsi qarşılıqlı turist marağını artıracaq. Yaxın illərdə birbaşa nəqliyyat əlaqələrinin genişlənməsi, turizm şirkətləri arasında əməkdaşlığın güclənməsi və qarşılıqlı tanıtım tədbirlərinin təşkili turist sayının artmasına təkan verə bilər. Həmçinin saziş humanitar sahədə də əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Viza maneələrinin aradan qalxması tələbə mübadiləsi, elmi əməkdaşlıq, mədəni tədbirlər, dini və tarixi ziyarətlər, eləcə də xalqlar arasında birbaşa təmasların artmasına əlverişli şərait yaradacaq".

 

Süsən Kərimova

#Azərbaycan #İordaniya #viza
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər