00:00:00
Yazar
Səadət Əlizadə
25.09.2026 12:37 30 3 dəq oxuma
Sosial

Vizasız gediş-gəliş fonunda Azərbaycan turizmi: Yeni imkanlar nələrdir?

Vizasız gediş-gəliş fonunda Azərbaycan turizmi: Yeni imkanlar nələrdir?

Son dövrlərdə müxtəlif ölkələrlə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və qarşılıqlı vizasız səfər imkanlarının genişlənməsi turizm sahəsində yeni imkanlar yaradır. Xarici turistlərin ölkəmizə cəlb olunması üçün isə yalnız viza prosedurlarının asanlaşdırılması kifayət etmir. Azərbaycanın turizm potensialının beynəlxalq auditoriyaya düzgün təqdim olunması, regionların tanıdılması və müxtəlif turizm məhsullarının yaradılması da mühüm amillər sırasında yer alır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək şöbəsinin rəhbəri Rəhman Quliyev bildirib ki, Azərbaycanın zəngin mədəni irsi, təbiəti, milli mətbəxi və müxtəlif iqlim qurşaqları xarici turistlər üçün daha geniş şəkildə təqdim olunmalıdır:

 

“Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun turizm potensialının beynəlxalq bazarlarda düzgün tanıdılması yeni istiqamətlərin formalaşmasına imkan yarada bilər. Sağlamlıq, ekoturizm, qastronomiya, mədəni və macəra turizmi kimi sahələr üzrə xüsusi məhsullar hazırlanmalıdır. Bununla yanaşı, beynəlxalq sərgilərdə iştirak, rəqəmsal marketinq və sosial media kampaniyaları daha hədəfli şəkildə həyata keçirilməlidir. Əsas məqsəd Azərbaycanın müxtəlif turizm imkanlarını konkret bazarların maraqlarına uyğun şəkildə tanıtmaq olmalıdır”.

 

Əlavə olaraq turizm eksperti qeyd edib ki, turistlərin seçimində ilk növbədə ölkənin təhlükəsizliyi, nəqliyyat əlçatanlığı, qiymətlərin münasibliyi və təqdim olunan turizm məhsullarının müxtəlifliyi mühüm rol oynayır:

 

“Azərbaycanın coğrafi mövqeyi həm Avropa, həm Asiya, həm də Yaxın Şərq bazarlarından turistlərin cəlb edilməsi baxımından üstün imkan yaradır. Bakı ilə yanaşı, regionların təbiəti, tarixi abidələri, mətbəxi və milli-mədəni xüsusiyyətləri də turist seçiminə ciddi təsir göstərə bilər. Birbaşa aviareyslərin sayının artırılması və hava nəqliyyatında əlçatanlığın genişləndirilməsi də mühüm amillərdəndir. Bundan başqa, vizaların alınması prosesinin sadələşdirilməsi və turistlər üçün rəqəmsal xidmətlərin inkişafı səyahət qərarını asanlaşdırır”.

 

Ekspert qeyd edib ki, turist sayının artması ilə yanaşı, əsas hədəflərdən biri onların ölkədə qalma müddətinin uzadılması olmalıdır.

 

Bunun üçün yalnız Bakı ilə məhdudlaşmayan, bir neçə regionu əhatə edən çoxgünlük turizm marşrutları hazırlanmalıdır. Məsələn, mədəniyyət, qastronomiya, təbiət və sağlamlıq turizmini bir paketdə birləşdirən məhsullar turistlərin səfər müddətini artıra bilər.

 

Rəhman Quliyev bildirib ki, Azərbaycan vətəndaşları üçün vizasız səyahət imkanlarının genişlənməsi xaricə turist axınını artırdığı kimi, ölkəmizə turist cəlb etmək üçün də rəqabəti gücləndirir:

 

“Bu baxımdan Azərbaycan beynəlxalq bazarlarda daha fərqli və konkret turizm məhsulları ilə çıxış etməlidir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan, Qəbələ-Şəki-Zaqatala, Quba-Xaçmaz və digər regionlar üzrə tematik beynəlxalq marşrutların hazırlanması mühüm nəticə verə bilər”.

 

Turizm eksperti əlavə edib ki, ölkənin tanıdılmasında rəqəmsal platformalardan, beynəlxalq media və turizm sərgilərindən, xarici turizm şirkətləri ilə əməkdaşlıqdan daha geniş istifadə olunmalıdır.

 

Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın turizm brendini yalnız ümumi reklamla deyil, hər bir hədəf bazarın maraqlarına uyğun konkret məhsul və marşrutlarla beynəlxalq auditoriyaya təqdim etməkdir.

 

Nəticə olaraq ekspert bildirib ki, xarici turistlərin Azərbaycana marağının artırılması üçün ölkənin turizm imkanları ayrı-ayrı hədəf bazarların tələblərinə uyğun şəkildə təqdim edilməli, paytaxtla yanaşı regionların potensialından da daha geniş istifadə olunmalıdır. Bu istiqamətdə vizasız səfər imkanlarının genişlənməsi ilə yanaşı, nəqliyyat əlçatanlığının artırılması, rəqəmsal tanıtımın gücləndirilməsi və çoxgünlük turizm marşrutlarının hazırlanması mühüm rol oynaya bilər.

 

 

Gülnar Mustafayeva

#baki #azərbaycan #yeni #gediş-gəliş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər