Vətən müharibəsi qəhrəmanı-Baxışov Sadiqin əziz xatirəsinə
Azərbaycanın qəhrəman övladları sırasında Baxışov Sadiq də öz igidliyi və vətənpərvərliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunub. O, 2 dekabr 2001-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində dünyaya göz açmışdı. Orta təhsilini doğma kəndində-Çarxı kənd orta məktəbində almış, sakit, amma məqsədli gənc kimi tanınmışdı.
Sadiq gənc yaşlarından Vətənə xidmət etməyi özünə şərəf bilirdi. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində xidmət edirdi. 2020-ci ilin Vətən müharibəsi başlayanda Sadiq heç bir tərəddüd etmədən döyüş meydanına yollandı. Onun üçün bu, sadəcə borc yox, Vətən sevgisinin ən ali ifadəsi idi.
Sadiq Baxışov Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. 15.12.2020-ci ildə Sadiq Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Sadiq Baxışov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub. 24.06.2021-ci ildə Sadiq Baxışov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Şəhidimizin nəşi doğulduğu Xaçmaz rayonunun Çarxı kənd qəbiristanlığında böyük izdihamla dəfn olunub. O, arxasında qürur dolu bir ad, əbədi hörmət və minnətdarlıq qoyub.
Bu gün Sadiqin adı həm ailəsinin, həm də bütün Azərbaycanın qəlbində şəhidlik simvolu kimi yaşayır. Onun ruhu qarşısında baş əyir, qəhrəmanlığını qəlbimizdə yaşadırıq.
Gövhər Mehyəddinova