“Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi” adlı layihənin icrasına başlanılıb
“İstedadları tanıyaq və tanıdaq” İctimai birliyi “Vətən müharibəsi qəhrəmanlarının övladları ilə mədəni tədbirlərin keçirilməsi” adlı layihənin icrasına başlayıb.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin məqsədi Vətən müharibəsi zamanı şəhid olmuş və yaralanmış şəxslərin övladları və isdedadlı gənclərlə birgə mədəni tədbirlərin keçirilməsidir.
Şəhid, qazilərin övladlarının və gənc isdedadların iştirakı ilə keçiriləcək tədbirdə onlara vətənpərvərlik, dövlətə və dövlətçiliyə bağlılıqla bağlı məlumat veriləcək. Vətən müharibəsi zamanı onların valideynlərinin göstərdiyi qəhrəmanlıq və şücayətin daim xatirələrimizdə yaşayacağı qeyd olunacaq. Bu şanlı Zəfər tariximizdə onların valideynlərinin böyük rolu olduğu diqqətə çatdırılacaq. Uşaqlarla söhbət aparılacaq, onların fikirləri dinləniləcək.
İstedadlı yeniyetmələrin iştirakı ilə keçiriləcək konsert proqramı olacaq. Yeniyetmə və gənclər tədbirdə bacarıqlarını nümayiş etdirəcək, hərbi-vətənpərvərlik mövzusunda musiqilər səsləndiriləcək, çıxışlar olacaq. Tədbirdə şəhid və qazilərin övladları ilə yanaşı tanınmış şəxslər, ziyalılar, ictimai-siyasi xadimlər iştirak edəcək.
Layihə çərçivəsində keçiriləcək tədbirlər Bakı və Gəncə şəhərlərini əhatə edəcək. Layihənin icrası üçün Gəncənin seçilməsində məqsəd tarixi şəhərimizlə tanışlıq və onun Vətən müharibəsi zamanı teror hücumuna məruz qalması ilə əlaqədardır. Vətən müharibəsi zamanı şəhərdə raket atılmış yerlərə səfər ediləcək. Erməni terroru haqqında məlumat veriləcək.
Layihənin icrası 2022-ci il fevral-aprel aylarını əhatə edəcək.
