Vətən müharibəsinin 18 yaşlı qəhrəmanı
Vətən müharibəsi başlayanda 2 ayın əsgəri idi. Cəmi 18 il yaşasa da, adını tarixə yazdırmağı bacardı...
Söhbət şəhid Balaş Cəfərovdan gedir. Əsgər Cəfərov 44 günlük Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb. Füzuli istiqamətində döyüşlədə iştirak edib. Bir sıra yaşayış yerləri və strateji yüksəkliklərin alınmasında şücaət göstərib. O, oktyabrın 10-da şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atası Namiq Cəfərov deyir ki, oğlu ilə sonuncu dəfə sentyabrın 24-ü danışıb: “Dedi ata, 20 gün-1 ay telefon olmayacaq. Bizi burdan başqa yerə aparırlar təlimə. Mən də bilmirdim müharibə başlayacaq. Onlar bilirmişlər. Danışanda deyirdi ki, ata başqa söhbət elə, heç nə danışma, özündən danış. Görürdüm ki, nəsə səs-küy gəlir, deyirdim ki, bəs orda atışmadı, nədi? Deyirdi, yox, ata, heç nə yoxdu. Uşaqlardı deyirdi, uzaqdadı təlim keçirlər”.
Şəhidin əmisi Elşən Cəfərov bildirir ki, gedən gündən danışdım onunla, heç vaxt başqa heç nə demirdi. Senytabrın 24-ü mənlə də danışdı. Onda dedi ki, ola bilər 1 ay, ay yarım, 2 ay danışa bilmədik. Bizi yollayırlar başqa yerə, danışa bilməyəcik”.
Balaş uşaq yaşlarından da vətənpərvərliyi ilə seçilib. Orta məktəbi bitirən kimi hərbi xidmətə yollanaraq öncə vətən borcunu ödəmək istəyib. Hərbi xidməti bitirdikdən sonra hərbi pilot olmaq ən böyük arzusu idi.
Şəhidin atası deyir ki, Balaş mehriban idi: “Qaraqabaqlığı filan yox idi. Məsələn, kənddə yaşlı adamlar marşruta filan minəndə mənə deyirlər ki, Balaş görsəydi ki, dükandan çıxmışam əlimdə zənbil var, Balaş yolunu dəyişəcəkdi, alıb o çantanı həmin adamın evinə gətirəcəkdi. Heç kimin xətrinə dəymirdi, bir balaca uşaq şıltaqlıq edən kimi qucaqlayırdı. Göyərçin saxlayırdı, indi 6-7 göyərçini qalıb”.
Şəhid Balaş Cəfərov vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə, "Vətən uğrunda" və "Füzulinin azad olunması" medalları ilə təltif edilib.
