Vətəndaşlar 9 və 10 nömrəli marşrutlardan şikayətçidirlər - AYNA-dan AÇIQLAMA
MIDA Yaşayış kompleksinin sakinləri 9 və 10 nömrəli marşrut avtobuslarının intervalından, ictimai nəqliyyatın vəziyyətindən narazılıq edirlər. Bu barədə Informator.az-a vətəndaşlar tərəfindən ünvanlanan şikayətdə qeyd olunub.
Sakinlərdən bir neçəsi bu vəziyyətlə bağlı narazılığını belə dilə gətirib:
"Yaşadığımız yerdən sadəcə 9 və 10 nömrəli avtobuslar keçir, bu avtobusların sayı isə azdır. Buna görə də bəzən yarım saata yaxın dayanacaqda gözləməli oluruq".
Digər bir vətəndaş isə əlavə edərək deyib:
"Əhali bu vəziyyətdən narazıdır. Həm avtobuslar gec gəldiyi üçün sıxlıq olur. Həm də isti hava şəraitində gözləmək çətindir".
Sözügedən vəziyyətlə bağlı İnformator.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
(AYNA) tərəfindən verilən açıqlamada bildirilib:
"Hazırda “Faiqoğlu” MMC-nin istismarında olan 9 nömrəli marşrut xətti üzrə 8, “BakuBus” MMC-nin istismarında olan 10 nömrəli marşrut xətti üzrə 10 avtobus sərnişindaşımaya cəlb edilib. Hər iki xətt üzrə avtobuslararası interval 15-20 dəqiqə təşkil edir. İntervalın böyük olması yollardakı şəraitlə bağlıdır. Xüsusən günün pik saatlarında müşahidə edilən sıxlıq və tıxac avtobuslararası intervala da mənfi təsir göstərir.
Məsələnin həlli üçün AYNA tərəfindən iş aparılır. Bu çərçivədə müntəzəm marşrut xətləri üzrə gündəlik xəttə çıxan nəqliyyat vasitələrinin sayının sərnişin təlabatına uyğun tənzimlənməsi ilə bağlı məsələ qaldırılıb. Eyni zamanda avtobusların müəyyən olunan qrafik üzrə nizamlı hərəkətinin təmin edilməsi üçün xüsusi zolaqlar təşkil olunur".
Nigar Əliyeva
