00:00:00
Yazar
Admin User
06.09.2023 14:14 358 2 dəq oxuma
Sosial

Vətəndaşlar siqaretdən istifadə zamanı hansı halda cərimələnirlər?

Vətəndaşlar siqaretdən istifadə zamanı hansı halda cərimələnirlər?

Son günlərdə siqaretdən istifadə zamanı vətəndaşların cərimələnmə halları ilə tez-tez qarşılaşırıq. Vətəndaşlar siqaretdən istifadə zamanı hansı halda cərimələnirlər? Azərbaycan Respublikasının Qanunlarında bu hal necə tənzimlənir?

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev suallarımızı cavablayıb.
Nurlan Əliyev deyir ki,“Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin icrası polis orqanları tərəfindən diqqət mərkəzində saxlanılır:

 

"DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır.
Polis əməkdaşları tərəfindən qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 212-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunur".

 

Bəs vətəndaşlar bu məsələ ilə bağlı nə düşünürlər? Onlar qanunlara əməl edirlərmi?


Vətəndaş Ayaz Zeynalzadə deyir ki, o siqaretin kötüyünü yerə, xüsusilə, otluq ərazilərə atmamağa çalışır: "Ölkəmizdə tütün və ya tütün məmulatları haqqında qanuna əsasən siqaret kötüyünü küçəyə atmaq inzibati məsuliyyət yaradır. Bu səbəbdən küçəyə siqaret kötüyü atan şəxslər 50 manata qədər cərimə edilir".

 

O, siqaret kötüyü səbəbi ilə çıxan yanğınların şahidi olduğunu və bu cərimənin məqsədinin bunun qarşısını almaq olduğunu deyir: "Siqaretin sağlamlığımıza ziyanı hər birimizə bəllidir. Siqaret kötüyü də təkcə özümüzə deyil, ətraf mühit üçün də təhlükə yarada bilər. Yaxşı olardı ki, təkcə siqaret kötüyünü yox, bütün zibilləri zibil qutularından kənar yerə atmayaq".

 

Vətəndaş Əli Hüseynov isə cərimə üsulundan razı, cərimənin məbləğindən isə narazıdır: "Ümumiyyətlə, siqaretin yerə tullanması, bu səbəbdən cərimələnməni dəstəkləyirəm, çünki kiçik bir material olan siqareti yüzlərlə insan küçələrə tullasa, təbiətə dəyən ziyan daha da artacaq. Narazı olduğum nüans isə cərimənin məbləğidir. Məncə, cərimə əvəzinə inzibati tənbeh metodundan istifadə edilməsi daha yaxşı və effektiv üsul olar. Çünki 4 manatlıq qutu dəyəri olan siqareti yerə tullayaraq 50 manat dəyərində cəriməyə məruz qalmaq çox qəribə səslənir.

 

Vətəndaş hesab edir ki, bunun əvəzinə daha tolerant metodlardan istifadə cəmiyyətin aqressiyasız formada bu məsələni öyrənməsinə səbəb olacaq.


Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər