Vuçiç: MOSSAD və MKİ İranda 1953-cü il ssenarisini təkrarlamağa çalışır
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, MOSSAD və ABŞ-nin MKİ-si İranda etirazlara müdaxilə edərək 1953-cü ildə Şah Pəhləvinin hakimiyyətə gətirildiyi ssenarini yenidən tətbiq etməyə çalışır. O, bu iddialarını “Ayaks əməliyyatı” və “Şahın bütün adamları” kitablarına istinad edərək əsaslandırıb və oxşar ssenarinin Serbiyada 2000-ci ildə baş verən hadisələr kimi nəticələr verə biləcəyini deyib.
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Serbiya Prezidentinin MOSSAD və MKİ ilə bağlı səsləndirdiyi iddialar İran-Qərb münasibətlərində gərginliyi daha da artıran siyasi ritorika kimi dəyərləndirilə bilər:
“Tehran uzun illərdir Qərbi daxili proseslərə müdaxilədə ittiham edir və Vuçiçin bu bəyanatı həmin narrativin güclənməsinə şərait yaradır. İddialar etirazları xarici ssenarinin tərkib hissəsi kimi təqdim etməklə həm İran rəhbərliyinin sərt xəttini legitimləşdirir, həm də Qərbin diplomatik manevr imkanlarını məhdudlaşdırır. Lakin Qərb ölkələri etirazların xarici deyil, daxili səbəblərdən qaynaqlandığını vurğuladığı üçün bu ritorika tərəflər arasında yeni qarşıdurma xəttinin formalaşmasına gətirib çıxara bilər. İranda baş verən etirazların mahiyyəti Vuçiçin iddia etdiyi kimi yalnız xarici müdaxilə prizmasından izah oluna bilməz. Son illərdə iqtisadi tənəzzül, sosial bərabərsizlik, yüksək inflyasiya, idarəçilikdə qeyri-şəffaflıq və siyasi azadlıqların məhdudluğu kimi struktural problemlər cəmiyyətdə ciddi narazılıq formalaşdırıb. Etirazların genişlənməsi bu daxili amillərin uzun müddət yığılmış nəticəsidir və prosesin gələcəkdə İranın siyasi arxitekturasına təsir göstərə biləcəyi ehtimalı yüksəkdir. Əgər rejim islahat yönümlü addımlar atmazsa, siyasi sistem daxilində parçalanma, elitalar arasında rəqabətin artırması və cəmiyyətlə hakimiyyət arasındakı etimad uçurumunun daha da dərinləşməsi mümkündür. Bu isə İranın həm daxili sabitliyinə, həm də regional siyasətinə uzunmüddətli təsirlər yarada bilər”.
Mələk Hüseynova
