Vuçiç: Siyasi rəqiblər bilirlər ki, indi xalqın iradəsi bir il əvvəlkindən fərqlidir
Serbiya Prezidenti Aleksandar Vuçiç iyunun 27-də Belqradın mərkəzində, Milli Assambleyanın qarşısındakı meydanda keçiriləcək Serbiya Tərəqqi Partiyasının (Srpska napredna stranka – SNS) toplantısında qarşıdakı seçkilərə hansı koalisiya ilə qatılacağını açıqlayacaqlarını bildirib.
"İnformator.az" xəbər verir ki, Vuçiç "TV Prva" kanalına müsahibəsində, eyni zamanda, partiyanın namizədləri, proqramı və Serbiyanın gələcəyi ilə bağlı planları bölüşəcəyini diqqətə çatdırıb.
"Həmin vaxt şüarlarımızı da biləcəyik, hansı platforma ilə seçkiyə getdiyimizi, plan və proqramımızın nə olduğunu açıqlayacağıq", - o deyib və əlavə edib ki, dövlət qərarları barədə isə iyunun 28-də danışacaq.
Vuçiç dövlət məsələlərini partiya məsələlərindən ayırmaq istəyir. "Pensiyaçılar və ölkəmizdəki digər həssas qruplarla bağlı dövlət qərarlarını açıqlayacağam. Bütün bunları üç-dörd gün ərzində həyata keçirəcəyik", – Vuçiç bildirib.
O əlavə edib ki, SNS-in prezidentliyə namizədinin adını hələ açıqlamayacaq və hazırda bir neçə namizəd var:
"İyunun 27-də keçiriləcək toplantıda səsvermə qutuları da quraşdırılacaq və vətəndaşlar Serbiyada həyata keçirilməsini və dəyişdirilməsini istədikləri əsas mövzular barədə fikir bildirə biləcəklər. Bu, insanların nə düşündüyünü öyrənmək üçün yaxşı bir araşdırma olacaq. Biz onların iştirakını gözləyirik".