"WhatsApp" hesablarını kim oğurlayır?
Azərbaycanda kütləvi şəkildə "WhatsApp" istifadəçilərinin hesabları bağlanır və ya bloka düşür. Bunun xüsusi haker qrupları ilə işləyən dələduzların işi olduğu məlum olub. Onlar əvvəlcə hesabı bloklayır, sonra hesabın açılaması adı ilə istifadəçi ilə danışıqlar aparırlar. Nəticədə bank kartlardan pullar oğurlanır. Bu azmış kimi telefondakı əlaqə nömrələrinə girərək ayrı -ayrı şəxslərdən borc pul istənilir. Bir sözlə problem ciddidir.
İKT mütəxəssisi Elvin Abbasovun sözlərinə görə, qlobal səviyyədə problemə çevrilən "WhatsApp" hesablarının kütləvi şəkildə oğurlanması beynəlxalq GSM operatorlarından birindəki boşluqdan qaynaqlanır. Belə halların qarşısını almaq üçün vətəndaşlar mobil telefonlarında təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər. “Bu məsələ sadəcə Azərbaycan üçün deyil. OTP kodlarının beynəlxaq daşıyıcılar, yəni sms daşıyıcılar vasitəsilə oğurlandığı ortaya çıxıb”. Mütəxəssis deyir ki, ikili mərhələli təhlükəsizliyi aktivləşdirmək mütləqdir. “Bu onun üçün lazımdır ki, "WhatsApp" hesabınız ələ keçirilsə, kodlar onlar üçün açıq olmayacaq və sizin hesabınız dələduzlar üçün əlçatan olmayacaq”.
Dələduzlar oğurlanan hesablardan kart məlumatlarını ələ keçirmək məqsədilə də istifadə edir. Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bu məlumatların digər şəxslərin əlinə keçməməsi üçün bir neçə məqama diqqət yetirməyi tövsiyə edir. “Vətəndaşlar kart məlumatlarını heç kəsə verməli deyil. Məlum olduğu kimi bəzilərinin profilləri oğurlanır və onların adından müraciət olunur. Tövsiyəm ondan ibarətdir ki, ödəniş edilən kartlarda çox pul saxlanılmasın”.
Daxili İşlər Nazirliyinin əməkdaşı Ağgül Həmidzadə də sosial şəbəkələrdə online kiberdələduzluq halları ilə bağlı müraciətlərin artdığını bildirir. DİN rəsmisi burda əsas məsuliyyətin vətəndaşların üzərinə düşdüyünü deyir. “Daxili İşlər Nazirliyi dəfələrlə online platformalarda istifadə olunan kiberdələduzluq metodları barədə sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edərək vətəndaşları maksimum diqqətli olmağa çağırıb.Yaranmış fürsətdən istifadə edərək bir daha vətəndaşları internet üzərindən edilən təkliflərlə bağlı diqqətli olmağa çağırırıq. Həmçinin tanımadığınız şəxslərə, etibar etmədiyiniz səhifələrə online qaydada ödəniş etməməyi tövsiyə edirik”.
RƏQSANƏ
