Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib
Dekabrın 23-də Şəki şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib.
Tədbir, "Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə “Günərzi qayğı” mərkəzlərin xidmətinin göstərilməsi” layihəsi çərçivəsində baş tutub.
Layihə rəhbəri Bəsti Nəsibova uşaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib. O, Prezident İlham Əliyevin yeniyetmə və gənclərlə bağlı həyata keçirilən dövlət siyasətindən danışıb. Qeyd edilib ki, ölkəmizin firavan və xoşbəxt gələcəyi naminə uşaq və yeniyetmələr təhsil almalı, ölkə rəhbərliyinin onlar üçün yaratdığı imkanlardan istifadə edərək daim irəli getməlidir. Layihə rəhbəri bir daha uşaqları təbrik edib, onlara uzun ömür, can sağlığı arzu edib.
Tədbirdə layihəyə cəb edilmiş uşaqlar, onların valideynləri, QHT nümayəndələri və jurnalistlər iştirak edib.
Daha sonra Yeni il bayramın ənənəvi personajları, Şaxta baba və Qar qız şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə rəng qatıblar.
Tədbir musiqili-əyləncəli oyunlarla davam edib.
