Xəzər dənizində su səviyyəsinin azalması: təhlükə nə qədər ciddidir?
Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb. Son iki onillikdə dəniz suyunun temperaturunun 1,5 dərəcə yüksəldiyi, buxarlanmanın isə 10-15 faiz artdığı bildirilir. Səviyyənin azalmasının əsas səbəbləri sırasında iqlim dəyişikliyi və çay axınlarının azalması göstərilir.
Mövzu ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Coğrafi ekologiya şöbəsinin müdiri, fəlsəfə doktoru, ekoloq Ənvər Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, dəniz səviyyəsinin qalxması da, enməyi də eyni təhlükələri yaradır:
“Xəzər dənizinin səviyyə tərəddüdü onun yaşı qədərdir. Milyon illərdir belə bir tendensiya var: tamamilə enir, sonra yenidən bərpa olunur. Müxtəlif texniki vasitələrdən istifadə olunsa da, bunun heç bir əlacı yoxdur. Vaxtilə səviyyə daha çox aşağı düşmüşdü. Sonradan kənardan su gətirdilər, Qaraboğazgöl körfəzini bağladılar. Sonra gördülər ki, bu da alınmır və Xəzər dənizi sürətlə qalxdı. Dəniz səviyyəsinin qalxması da, enməyi də eyni təhlükələri yaradır. Qalxanda ətrafdakı sənaye obyektləri və tikintilər ziyan çəkir. Ona görə də Xəzər dənizi hələlik günün gündəmində deyil. Qalxma ehtimalı isə gələcək illərdə mütləq olacaqdır. Bu proses bir anda baş verə bilməz, müəyyən illər lazımdır ki, dəniz əvvəl stabilləşsin, sonra yenidən qalxsın. Səviyyənin düşməsi nəticəsində, xüsusən dayaz hissələrin azalması canlı aləmin yem bazasına, o cümlədən fitoplankton və zooplanktonların azalmasına təsir göstərə bilər. Bu, dənizdəki heyvanat aləmi üçün problem yaradır.
Səviyyə tərəddüdünün qarşısını almaq imkansızdır. Azərbaycanda və bəzi qonşu respublikalarda bu barədə aparılan tədqiqatlar kifayət qədər ciddi deyil. Səviyyənin düşməsi adi haldır, çünki Xəzər dənizində hər 40-50 ildən bir belə enib-qalxma müşahidə olunur. Bu, qeyri-adi bir şey deyil. Hazırda rütubətli dövr başlayıb, Xəzər dənizinə axan çayların suyu artır. Şərq dənizinin su topladığı 4 milyon kvadratkilometr ərazidə yağmurlu dövr hökm sürür. Suyun bərpası üçün isə ən azı 5-10 il vaxt lazımdır. Tədqiqatçıların apardığı işlərdə diqqətli olmaq vacibdir. Bütün bu məsələlər bir-biri ilə əlaqədardır. Gələcəkdə dənizdə qalxma tendensiyası başlayanda hər şey öz yoluna düşəcəkdir. 1970-ci illərdə Xəzər dənizi sürətlə enməyə başlayanda 200 metrlik məsafədə Qaraboğazgöl körfəzini bağladılar. Bir az keçməmiş dəniz sürətlə qalxmağa başladı, ətraf əraziləri su basdı. Lənkəran rayonu ərazisində dəmir yolu relslərini dəniz sularının yuduğuna şəxsən şahid olmuşam. 1980-ci ildə İran tərəfinin təkidi ilə körfəz yenidən açıldı, çünki Xəzəryanı infrastruktura ciddi ziyan dəyirdi. Yaxın vaxtlarda hər şeyi əvvəlki klasik qaydada görəcəyik”.
Samirə Allahverdizadə