00:00:00
Yazar
Nərmin Həşimova
07.10.2026 18:59 68 2 dəq oxuma
Sosial

Xəzər dənizinin səviyyəsi niyə aşağı düşür?- AÇIQLAMA

Xəzər dənizinin səviyyəsi niyə aşağı düşür?- AÇIQLAMA

Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi son illərdə əsas ekoloji problemlərdən birinə çevrilib. Bu prosesə iqlim dəyişikliyi, havanın temperaturunun yüksəlməsi, dənizə tökülən çaylarda su axınının azalması və insan fəaliyyəti təsir göstərir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq, “Eko-Aləm” İctimai Birliyinin sədri Sevil Yüzbaşeva  bildirib ki, Xəzər qapalı su hövzəsi olduğundan onun su balansı dənizə daxil olan suyun miqdarı ilə buxarlanma arasındakı nisbətdən asılıdır:


“Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsinin əsas səbəbləri iqlim dəyişikliyi və insan fəaliyyətidir. Havanın temperaturunun yüksəlməsi dəniz səthindən buxarlanmanın artmasına səbəb olur. Eyni zamanda, yağıntıların paylanmasında baş verən dəyişikliklər həm dənizə, həm də onu qidalandıran çayların hövzələrinə təsir edir.  Xəzər dənizinin əsas su mənbəyi olan Volqa çayında su axınının azalması da dənizin səviyyəsinə ciddi təsir göstərir. Volqa Xəzər dənizinə tökülən çay sularının təxminən 80 faizini təmin edir. Son illərdə az qarlı qışlar və quraqlıqlar səbəbindən Volqanın su axınında azalma müşahidə olunur. Bundan başqa, çaylar üzərində su anbarlarının yaradılması, kənd təsərrüfatında suvarma, sənaye və əhalinin içməli su tələbatı üçün sudan geniş istifadə olunması Xəzərə daxil olan suyun azalmasına gətirib çıxarır. Oxşar vəziyyət Kür, Ural və Terek çaylarında da müşahidə olunur”.


Ekoloq qeyd edib ki, Qazaxıstanın Xəzərin qorunması istiqamətində hazırladığı proqram və layihələr dənizin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kömək edə bilər:


“Xəzərin Qazaxıstan sektoru dayaz sulara görə su səviyyəsinin azalmasına daha həssasdır. Bu baxımdan Qazaxıstanın həyata keçirdiyi ekoloji təşəbbüslər, eləcə də BMT və Yaponiya ilə əməkdaşlıq çərçivəsində görülən işlər mühüm əhəmiyyət daşıyır. Bu addımlar dayazlaşmanın qarşısının alınmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və dəniz səviyyəsindəki dəyişikliklərə uyğunlaşmağa kömək edə bilər. Xəzər dənizinin qorunması üçün sahilyanı dövlətlərin birgə fəaliyyəti vacibdir. Xəzər qapalı və transsərhəd su hövzəsidir. Buna görə də dənizin bir hissəsində yaranan problem digər ərazilərə də təsir göstərir. Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və İranın birgə fəaliyyəti vacibdir. Çay sularının bir neçə ölkədən keçməsi, canlı aləmin dəniz daxilində hərəkəti, çirklənmənin qarşısının alınması və elmi məlumatların paylaşılması Xəzərin qorunması üçün birgə səyləri zəruri edir”.


Güllüzar Nəbili

#baki #xəbər #düşür?- #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər