Xan Yunusda məcburi köçkün fələstinlilərin yaşamaq uğrunda mübarizəsi
Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərinin qərb hissəsində qurulmuş müvəqqəti və primitiv çadırlarda yaşayan məcburi köçkün fələstinlilərin ağır həyat şəraiti davam edir. İsrailin hərbi əməliyyatları nəticəsində evlərini tərk etməyə məcbur qalan minlərlə insan elementar yaşayış imkanlarından məhrum vəziyyətdədir.
Qış mövsümünün sərt şərtləri bu insanların vəziyyətini daha da çətinləşdirib. Güclü yağışlar, soyuq hava və palçıqlı ərazilər xüsusilə uşaqlar, yaşlılar və xəstələr üçün ciddi təhlükə yaradır. Çadırlar külək və yağışa qarşı dayanıqlı deyil, bir çox ailə nə istilik vasitələrinə, nə də kifayət qədər isti geyimə malikdir.
Ərazilərdə sanitariya şəraiti son dərəcə zəifdir. Təmiz içməli suya çıxış məhduddur, kanalizasiya sistemi mövcud deyil. Bu da yoluxucu xəstəliklərin yayılma riskini artırır. Tibbi yardımın çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır.
Uşaqlar təhsildən tamamilə kənarda qalıb, oyun və normal uşaqlıq mühiti isə, demək olar ki, yoxdur. Psixoloji travmalar dərinləşir, ailələr isə gündəlik qida tapmaq uğrunda mübarizə aparır.
TRT XƏBƏR
Reyhan Quliyeva
