Xaricdə təhsil almaq prestijdir, yoxsa vaxt itkisi?
Tələbə adını qazanmaq üçün dörd il təhsil almalarına baxmayaraq diplomsuz qalırlar. Söhbət xarici universitetlərdə təhsil alanlardan gedir. Bu tələbələr diplomlarını niyə təsdiq edə bilmir?
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı avqust ayı üzrə 783 müraciət olub. 716 nəfərin ölkə kənarında aldığı diplom barədə müsbət qərar verildiyi halda 67 nəfərin ali təhsil haqqında sənədi tanınmayıb. Səbəblər müxtəlifdir. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər qalmamaq, dövlət nümunəli olmayan diplom, akkreditasiyasız ali təhsil müəssisəsi və s.
Təhsildə Keyfiyyət Təminat Agentliyi departamentinin direktoru Aysel Kərimli bildirib ki, ərizəçinin təhsil aldığı universitet öz ölkəsində qanuni əsasda fəaliyyət göstərmirsə, yəni onun akreditasiyası yoxdursa həmin universititetin verdiyi diplomlar Azərbaycan Respublikasında tanınmır: “Həm əyani, həm qiyabi təhsilalma üzrə vətəndaşlar təhsil müddətində həmin ölkədə olmalıdır və dərslərdə iştirak etməlidir. Təhsil ölkəsində kifayət qədər olmama səbəbindən ərizəçilərə imtina qərarı verilir. Bəzi müraciətçilər olub ki, onların bizə təqdim etdiyi sənədlərin saxta olduğu aşkarlanıb. Belə ki həmin diplomlarla bağlı universitetlərlə əlaqə saxlanılıb. Lakin diplomların həmin vətəndaşların adına verilmədiyi müəyyən olunub. Bu səbəbdən də onların müraciətləri imtina qərarı ilə nəticələnib”.
Dövlət İmtahan Mərkəzinin avqust ayında peşə tanınması üçün keçirdiyi imtahanda 261 müraciətçi iştirak edib və onlardan 58%-i göstərilən keçid balını toplaya bilməyib. Xarici ölkələrin ali təhsil müəssisələrində əyani, qiyabi və distant formada təhsil alan azərbaycanlıların sayı olduqca çoxdur. Onların həmin universitetlərə göndərilməsi adətən bu işlə məşğul olan şirkətlər vasitəsilə mümkün olur. Bu şirkətlər isə göndərdiyi tələbənin alacağı diplomun ölkəmizdə tanınıb-tanınmayacağına heç bir zəmanət vermir.
Şirkətin baş mütəxəssisi Həsən Qarayev deyir ki, 100 faiz zəmanəti yalnız Təhsil Nazirliyi verə bilər: "Diplomun təsdiq qaydaları ilə bağlı Təhsildə Keyfiyyət və Təminat Agentliyinə müraciət edib çox şəffaf və rahat bir şəkildə məlumat ala bilərlər. Yəni bizim və ya başqa bir şirkətin və ya başqa bir mütəxəxssisin sözlərinə etibar etməsinlər, mütləq şəkildə diplomu təsdiq edən qurumla əlaqə saxlayıb diplomun təsdiq qaydaları ilə yaxından tanış olub daha sonra universitet, ixtisas seçimini həyata keçirsinlər".
Bəzi gənclər, eləcə də onların valideynləri xaricdə təhsili sadəcə prestij hesab etdikləri üçün bu yola əl atırlar. Azərbaycan daxilində lazımi nəticəni göstərə bilməyib kənarda oxumağa üz tutan bu şəxsləri adətən nəticə maraqlandırmır.
Təhsil eksperti Elmin Nuri bildirir ki, Azərbaycan qanunvericiliyində Ali təhsil haqqında qanunda onlayn yəni distant təhsilin diplomu tanınmır: "Buna baxmayaraq "təki xaricdə oxuyum" deyənə onlayn distant təhsilə gedənlər var. Təsəvvür eliyin adam Azərbaycanda ən aşağı ballı ixtisasa belə qəbul ola bilmədiyi üçün hərbi xidmətə getməməyə görə və yaxud ümumiyyətlə valideynin nəzərində mənim övladım tələbə adını alsın deyə xaricə gedirlər. Yəni xarici təhsil ilk növbədə seçim yox məcburiyyətə çevrilib sanki".
