Xaricdən gətirilən dərmanlarla bağlı qanuna dəyişiklik nələri nəzərdə tutur?
Bəzən dərman almaq üçün yaxınlaşdığımız apteklərdə bizə lazım olan preparatı tapa bilmirik. Bu zaman alternativ yolumuz xaricə üz tutmaq olur. Ya özümüz gətiririk, ya dost tanışdan xahiş edirik, ya da apteklərə müraciət edirik. Amma diqqət etməli olduğumuz bir məqam var: Almaq istədiyimiz dərman dövlət qeydiyyatından keçibmi?
Dövlət qeydiyyatında olmayan dərman preparatlarının gətirilə bilməməsi bəzən əzcaçılara da müəyyən problemlər yaradır.Əzcaçı Gülarə Mirəzyeva deyir ki, müştəri gəlib resepti verəndə baxırıq ki, dövlət qeydiyyatında olmayan dərmandır: “Məcbur ona alternativini təklif etməli oluruq. Ya da həkimindən zəng edib öyrənməsini xahiş edirik. Bu da vaxtımızı aparır”.
Xaricdən şəxsi istifadə üçün dərman preparatlarının gətirilməsi məsələsinə artıq bir sıra dəyişikliklər edilir. Bu addım həm vətəndaşların, həm də əczaçıların xeyrinə olacaq. Millət vəkili Müşviq Məmmədli bildirir ki, dəyişikliyə əsasən “Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər, həm də şəxsi istifadə üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş reseptə yazılan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. Eyni zamanda təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır”.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum 2 iş günü müddətində reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğu yoxlanılacaq. Təsdiq olunduğu halda olunduqdan sonra reseptdə göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətiriləcək.
Nəzrin Malik
