00:00:00
Yazar
Elmira Ağayeva
09.10.2026 23:04 63 2 dəq oxuma
Sosial

Xarici dil öyrənməyin ən effektiv üsulu hansıdır?

Xarici dil öyrənməyin ən effektiv üsulu hansıdır?

 

Müasir dövrdə xarici dil bilmək təkcə üstünlük deyil, həm də karyera qurmaq, təhsil almaq və fərdi inkişaf üçün vacib şərtlərdən biridir. Yerli və beynəlxalq əmək bazarının tələbləri, eləcə də xaricdə təhsil imkanları gənclərin xarici dil biliklərinə olan ehtiyacını artırır. Bununla belə, bir çox insan yeni dil öyrənərkən müxtəlif çətinliklərlə qarşılaşır. Bəs xarici dili daha effektiv mənimsəmək üçün hansı üsullara üstünlük vermək lazımdır?

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında dil mütəxəssisi Elşad Abışov bildirib ki, Sovet dövründə SSRİ respublikalarında rus dili xarici dil kimi tədris olunub, lakin tətbiq edilən tədris metodları dilin praktik mənimsənilməsi baxımından hər zaman effektiv olmayıb:

“Bu proses I sinifdən XI sinfə qədər davam edib. Rus dilinin qrammatikası öyrədilib, “Çteniye” adı altında rus ədəbiyyatı tədris olunub, sözlər və lüğətlər əzbərlədilib. Orta məktəbi bitirdikdən sonra da ali təhsil müəssisələrində rus dilinin tədrisi müxtəlif səviyyələrdə davam etdirilib. Buna baxmayaraq, tətbiq edilən metodika şagirdlərin rus dilini mükəmməl mənimsəməsinə imkan verməyib. Bu təcrübə göstərir ki, istər kontekst daxilində, istərsə də kontekstdən kənarda sözləri əzbərləməklə xarici dil öyrənmək mümkündür. Lakin bu üsul xeyli vaxt tələb edir”.

Abışov vurğulayıb ki, dilin mənimsənilməsində dinləmə və anlama bacarıqlarının inkişafı xüsusi əhəmiyyət daşıyır:

“Bunun ən bariz nümunəsi uşaqların ana dilini mənimsəmə prosesidir. Onlar dünyaya gələndə nə oxumağı, nə də yazmağı bilirlər. Lakin məktəb yaşına çatana qədər ana dilində sərbəst danışır, hətta şeir və nağılları əzbərdən söyləyirlər. Bu təbii təcrübə bir daha göstərir ki, dilin öyrənilməsində dinləmək, deyilənləri anlamaq və dərk etmək əsas vasitələrdəndir. Xarici dil öyrənənlər dil klublarına qoşularaq öyrəndikləri dildə ünsiyyət qura, müzakirələrdə iştirak edə və fikir mübadiləsi apara bilərlər. Bu cür görüşlər əyani və ya onlayn formatda təşkil oluna bilər və xarici ölkəyə getmədən də dil mühiti yaratmağa imkan verir”.

Mütəxəssisin sözlərinə görə, müasir texnologiyalar xarici dil öyrənmək istəyənlər üçün daha geniş imkanlar açır. İnternet, smartfon və kompüterlər vasitəsilə müxtəlif dillərdə məzmun izləmək, dinləmə məşqləri aparmaq və ana dili fərqli olan insanlarla ünsiyyət qurmaq mümkündür:

“Azərbaycanda bunun real nümunələri var. Məsələn, elə şagirdlərimiz var ki, heç bir müəllimin yanına və ya kursa getmədən, evdə onlayn oyunlar vasitəsilə xarici dillərdə danışan insanlarla ünsiyyət quraraq ingilis dilini yüksək səviyyədə öyrəniblər. Hətta bəzi azyaşlı şagirdlər bu yolla qazandıqları təbii dil vərdişləri sayəsində məktəbdə müəllimlərin tələffüzündəki səhvləri düzəldə biləcək səviyyəyə çatırlar. Bu gün xarici dil öyrənmək üçün imkanlar kifayət qədər genişdir. İnternet vasitəsilə qlobal aləmə çıxışımız təmin olunduğu üçün bu fürsətdən yararlanaraq evdən çıxmadan istənilən dili öyrənə bilərik”.

Aysu Qədirzadə

#xarici #gündəm #baki #öyrənməyin #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər