XARİCİ ÖLKƏLƏRDƏ BU İŞLƏRİ GECƏ GÖRÜRLƏR, BİZDƏ İSƏ TƏRSİNƏ....
İsti havada təmir işləri aparılan küçələr sürücülərin işini düyünə salıb. Nə vaxtında mənzil başına çata bilirlər, nə də rahat avtomobil idarə edə bilirlər.
Səbail rayonu, Azadlıq prospektindən Bülbül prospekti ilə kəsişməyə qədər avtomobil yolu yenilənir. İşlərə 4 gündür başlayıb. Yol iki hissəyə ayrılıb, bir hissəyə yeni asvalt-beton örtüyü döşənib, bununla bağlı hazırda ərazidə xüsusi texnikalar işləyir. Digərində isə köhnə beton örtüyü qaşınaraq ərazidən kənarlaşdırılıb. Nəzərə alsaq ki, bu küçə əsas nəqliyyat axını ilə məhşur olan küçələrdən biridir, görülən işlər vəziyyəti çətinləşdirib. Üstəlik havanın isti olması sürücülərin əsəblərini tarıma çəkib. “Camaat gecikir, məhsul aparıram, çatdıra bilmirəm, tıxacda qalıram. Özüm də gec gedib çıxıram evə”, “Şənbə, bazar işlə də, burda nə böyük problem var ki? Bunlar həmişə tərsinə iş görürlər”, “Bütün ölkələrdə bu işi görürlər, ancaq gecə saatlarında, bunu baxıb öyrənmək lazımdır. Rusiyada, hər yanda gecə saat birdə başlayırlar səhər saat yeddidə bitirirlər. 4 saata 15 km yol asvaltlayırlar Moskvada. Bizdə ondan yaxşı texnologiya da var, asvaltın da ən yaxşı növü bizdədi”. Şikayətlər çox, səbəb isə birdir.
Sifarişçisi Bakı şəhər İcra Hakimiyyəti olan təmir işlərini podratçı şirkət həyata keçirir. Tikintiyə rəhbərlik edən mütəxəssis isə əminliklə deyir ki, narahatlığa heç bir əsas yoxdur. Yol tikinti sahəsinin rəisi Rauf Qəmbərovun sözlərinə görə, burada cürbəcür dəqiq işlər aparılır. Gecə vaxtında o dəqiq işləri tam həyata keçirmək mümkün olmur. “Burada santimetr söhbəti var, onu gecə saatlarında tutmaq olmur. İkincisi də, gecə işləsən, gərək gündüz istirahət edəsən, hər halda gündüzün işi gecənin işindən daha yaxşıdır, səmərəli və keyfiyətli”.
Ərazidə asfalt-beton örtüyünün yenilənməsini zəruri edən səbəb kimi isə istismar müddətinin başa çatması göstərilir. Mütəxəssisin sözlərinə görə, küçə boyu əksər yerdə yol çökdüyü üçün həm şəhərin estetik görünüşü pozulurdu, həm də sürücülərin rahat hərəkətinə problem yaranırdı. “9 min kvadratmetrlik ərazidə aparılır. Hazırda firezləmə işi bitib, asvalt beton örtüyünün yarısı salınıb, yarısı da bu gün salınacaq. Sonra aşınma layı salınacaq, sonra lüklərin qaldırılması, yəni qaydaya salınması prosesi gedəcək. Əsas məqsəd aşınma layının dəyişdirilməsindən ibarətdir”.
İşlər avqustun 30-u bitəcək və yol tam hazır vəziyyətdə sürücülərin istifadəsinə veriləcək. O vaxta qədər isə sürücülərə alternativ küçə və prospektlərdən istifadə etmələri tövsiyə olunur.
GÜNDÜZ
