Xarici saytlar “Qarabağ” - “Ayntraxt” matçının biletlərini satır
“Qarabağ”ın UEFA Çempionlar Liqasında Almaniyanın “Ayntraxt Frankfurt” klubu ilə keçiriləcək oyunu üçün biletlər rəsmi olaraq satışa çıxmasa da, bəzi xarici saytlarda artıq bunu əldə edilməsi ilə bağlı elanlar paylaşılıb.
“İnformator.az” Teleqraf-a istinadən xəbər verir ki, elanlarda biletlər qonaq sektor üçün deyil, yerli azarkeşlər üçün nəzərdə tutulan sektorlar üzrə təklif olunur.
Xatırladaq ki, Bundesliqa təmsilçisi UEFA tərəfindən cəzalandırıldığı üçün Bakıdakı oyunda azarkeş dəstəyindən məhrum olacaq. Yəni “Ayntraxt Frankfurt” tərəfdarları üçün yer ayrılmayacaq və qonaq sektorun biletləri də “Qarabağ” azarkeşlərinə satılacaq.
Digər vacib məqam isə xarici saytlarda satışa çıxarıldığı bildirilən biletlərin qiymətinin həddindən artıq baha olmasıdır. Müqayisə üçün qeyd edək ki, Bakıda "Ayaks"la (Niderland) keçirilən son ev oyununda standart biletlərin qiyməti 10-75 manat aralığında idi. Xarici saytlarda isə biletlərin qiyməti 80 dollardan (136 manat) başlayır.
