“Xarq adasının itirilməsi İran üçün ciddi strateji zərbə ola bilər” - ŞƏRH
İran ABŞ qüvvələrinin mümkün hərbi əməliyyatlarına qarşı Xarq adasında təhlükəsizlik tədbirlərini artırıb. Məlumata görə, sahilboyu ərazilər minalanıb, adaya əlavə hava hücumundan müdafiə sistemləri və raket kompleksləri yerləşdirilib.
Mövzu ilə bağlı politoloq Həşim Səhrabli “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Xarq adasında müdafiə tədbirlərini gücləndirməsinin əsas səbəbi ABŞ-nin mümkün hərbi müdaxilə ehtimalıdır:
“Son günlər həm beynəlxalq, həm də regional mediada ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatları ilə bağlı müzakirələr genişlənib. Belə bir ssenari baş verərsə, ilk hədəflərdən birinin məhz Xarq adası olacağı ehtimal edilir. Buna görə də İran bu strateji ərazinin müdafiəsini maksimum səviyyədə gücləndirməyə çalışır.Xarq adasının İran üçün əhəmiyyəti ilk növbədə enerji sektoru ilə bağlıdır.İranın neft ixracının böyük hissəsi məhz bu ada üzərindən həyata keçirilir. Eyni zamanda ölkənin əsas neft infrastrukturu, toplama və yükləmə məntəqələri burada yerləşir. Xarq adasına nəzarətin itirilməsi İranın iqtisadi imkanlarına və müharibəni maliyyələşdirmə qabiliyyətinə ciddi zərbə vura bilər. Bu baxımdan ada həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır”.
Həşim Səhrabli qeyd edib ki, Xarq adası həm də simvolik məna daşıyır:
“İran-İraq müharibəsi dövründə də ada əsas hədəflərdən biri olmuşdu. Həmin dövrdə İran adanı qorumağa nail olmuşdu. Bu səbəbdən Xarq adasının mümkün itirilməsi təkcə hərbi və iqtisadi deyil, həm də siyasi və psixoloji nəticələr yarada bilər.Adanın mümkün hərbi hədəfə çevrilməsi regionda gərginliyi daha da artıracaq.
Əgər ABŞ belə bir əməliyyat həyata keçirsə,İranın cavab addımları da sərt ola bilər. Tehran münaqişə zonasını genişləndirməyə, regiondakı digər hədəflərə qarşı fəaliyyət göstərməyə çalışa bilər. Bu isə Yaxın Şərqdə təhlükəsizlik risklərini artırmaqla yanaşı, enerji bazarlarında da yeni dalğalanmalara səbəb ola bilər”.
Ayşə Müzəfərli