XİLASEDİCİLƏRDƏN ÖNCƏ DƏNİZƏ GƏLƏNLƏRİ GÖZLƏYƏN TƏHLÜKƏ
Hər il çimərlik mövsümündə xəbərdarlıqlara baxmayaraq dənizə üz tutanların əksəriyyəti təhlükəsizlik tədbirlərinə əməl etmir. Söhbət qadağan olunmuş ərazilərdə çimənlərdən və xilasedicilərin olmadığı vaxtlar həyatlarını heçə sayaraq risqli zonalara daxil olanlardan gedir.
Hər bir müəssisədə işin konkret başlama və bitmə saatı var. FHN-in kiçikhəcimli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin əməkdaşlarının da həmçinin. Yəni ictimai çimərliklərdə xidmət edən xilasedicilər hər gün səhər saat 09-dan 20:00-a qədər öz postunda olur. Bəs daha erkən və ya gec saatlarda, yəni nəzarətçilər olmayanda çimərliklərdə nə baş verir? Bunu görmək üçün dənizə üz tutmaq kifayətdir.
Əslində qanunla xilasedicinin ərazidə olmadığı vaxt dənizə girmək qəti qadağandır. Amma nəinki kənarda çimənlər, hətta təhlükəli yerdə həyatını riskə atanlar da var. Dərinliyə və sualtı axınlara görə təhlükəli nöqtələr sarı şarlarla işarələnib. Bu isə o deməkdir ki, o nöqtələrdən kənara, yəni dərinliyə doğru üzmək olmaz. Çimərlik mövsümü başlayandan indiyədək xilasedicilərin iş saatı müddətində 132 nəfərin batmasının qarşısı alınıb. Bu isə bir daha sübut edir ki, nəzarətdən kənar dənizə girən geri qayıtmaya bilər. Necə ki, hər il bunun şahidi oluruq.
GÜNDÜZ
