00:00:00
Yazar
Səadət Əlizadə
19.10.2026 21:47 42 2 dəq oxuma
Sosial

Xırdalanın nəqliyyat probleminə həll: Yeni tunel və yol ötürücüləri tikiləcək

Xırdalanın nəqliyyat probleminə həll: Yeni tunel və yol ötürücüləri tikiləcək

Xırdalan şəhərində nəqliyyat sıxlığının azaldılması və magistral yollarla əlaqənin yaxşılaşdırılması məqsədilə iki yeni layihənin həyata keçirilməsi nəzərdə tutulur. Layihələr çərçivəsində yeni tunelin və müxtəlif səviyyəli yol ötürücüsünün inşası planlaşdırılır. Yeni nəqliyyat bağlantılarının yaradılması şəhərdaxili hərəkətin rahatlaşdırılmasına, sürücülərin əlavə məsafə qət etməsinin qarşısının alınmasına və yollarda sıxlığın azaldılmasına töhfə verə bilər.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Xırdalanda nəqliyyat sıxlığının əsas səbəblərindən biri şəhərin yol infrastrukturunun mövcud tələbatı tam ödəməməsidir:

 

"Xırdalan və Masazır dairələri, eləcə də Sultanafa dairəsində yaranan sıxlıq sürücülərin uzun müddət tıxacda qalmasına və əlavə məsafə qət etməsinə səbəb olur. Yeni tunellərin və müxtəlif səviyyəli yol ötürücülərinin inşası alternativ hərəkət istiqamətləri yaradaraq nəqliyyat axınının bölüşdürülməsinə kömək edə bilər. Bununla belə, problemin tam həlli üçün mövcud yolların yenidən təhlil edilməsi, yol şəbəkəsinin şaxələndirilməsi və hərəkətin düzgün tənzimlənməsi də vacibdir".

 

Onun fikrincə, M-4 magistral avtomobil yolu ilə Xırdalanın mərkəzi arasında birbaşa nəqliyyat bağlantısının yaradılması şəhərin əsas problemlərindən birinin aradan qaldırılmasına imkan verə bilər:

 

"Hazırda giriş-çıxış yollarının məhdudluğu sürücülərin əlavə məsafə qət etməsinə, keçidlərdə növbə gözləməsinə və tıxacların yaranmasına səbəb olur. Yeni tunel və yol ötürücüləri alternativ marşrutlar yaradaraq gediş-gəliş vaxtının azalmasına və hərəkətin daha rahat təşkilinə şərait yarada bilər. Bu, həmçinin Xırdalanda yaşayışın əlçatanlığını artıraraq şəhərin inkişafına müsbət təsir göstərə bilər".

 

Sonda bildirib ki, nəqliyyat probleminin uzunmüddətli həlli üçün yalnız yeni yolların və keçidlərin inşası kifayət etmir:


"İlk növbədə, ictimai nəqliyyat sistemi təkmilləşdirilməli, avtobus marşrutları genişləndirilməli və avtobus zolaqları yaradılmalıdır. Eyni zamanda, dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi və dəmir yolu xəttinin altından keçidlərin sayının artırılması vacibdir. Abşeron rayonunda şəhərsalma prosesinə nəzarətin gücləndirilməsi, qanunsuz tikintilərin qarşısının alınması və yeni yaşayış massivlərinin nəqliyyat infrastrukturu nəzərə alınmaqla planlaşdırılması da zəruridir. Bu tədbirlər birlikdə həyata keçirilərsə, şəxsi avtomobillərdən asılılıq azala, Bakı-Sumqayıt yolundakı yük yüngülləşə və Xırdalanın nəqliyyat sistemi daha səmərəli fəaliyyət göstərə bilər".

 

Fatimə İbrahimova

#azərbaycan #yol #yeni #nəqliyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər