00:00:00
Yazar
Admin User
17.10.2023 10:20 530 2 dəq oxuma
Sosial

Xocəsən gölü gələcəkdə quruya bilər

Xocəsən gölü gələcəkdə quruya bilər

Xocəsən gölü ilə bağlı əsas problem nədir və bu problemi necə həll etmək olar? Bu məsələ ilə bağlı hər hansı tədbir işləri görülürmü?

 

 

İnformator.az saytının qonağı ekoloq, Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovdur.

 

 

Rövşən Abbasov bildirir ki, Xocəsən gölü, ümumiyyətlə, Abşeron yarımadasında unikal dəyərlərə malik olan göldür. 

 

 

“Bu göl yüz il öncə Abşeron yarımadasının əsas balıq gölü kimi də tanınıb, çünki Xocəsən qəsəbəsi balıqçılıq qəsəbəsi olub. Burada tutulan balıqlar çox qiymətli olduğu üçün xüsusi sifarişlə öz müştərilərinə çatdırılıb. Lakin, təəssüflər olsun ki, gölün ətrafında özbaşına məskunlaşmanın artması nəticəsində bu ərazilərdə olan yaşayış məntəqələrinin, eyni zamanda sənaye müəssisələrinin çirkab suları birbaşa bu gölə axıdılıb və bu da gölün əsas problemlərindən birinə çevrilib”.

 

 

Ekoloq müəyyən tədbirlər görüldüyünü, lakin bunun çox da təsirli olmayacağını bildirib.

 

 

"Hazırda Xocəsən gölü ətrafında çirkab sularının dayandırılması üçün kanalizasiya şəbəkəsi hazırlanmaqdadır, lakin bu həmin problemi həll etməyəcək".

 

 

Onun sözlərinə görə, gölün quruma təhlükəsi də var və bu təhlükənin qarşısını almaq üçün gölə xüsusi qayğının göstərilməsi vacibdir.

 

"Gölə tökülən çirkab sularının qarşısını almaq istəyirlər, ancaq əgər bu kanalizasiya şəbəkəsinə gələn sular ayrılarsa, gələcəkdə göl quruya bilər. Gölə tökülən çirkab sularının təmizlənib yenidən gölə tökülməsi çox vacibdir. Xocəsən qəsəbəsində ayrıca su təmizləmə qurğularının olmasına ehtiyac var". 

 

 

Rövşən Abbosovun sözlərinə görə, çirklənmə dayanarsa, göl özünü bərpa edə bilər.

 

"Bizim apardığımız tədqiqat onu göstərir ki, Xocəsən gölünə tökülən məişət, sənaye çirkləndiriciləri dayanarsa, bu sular təmizlənərək Xocəsən gölünə tökülərsə, gölün özünü, təxminən, 2 ilə bərpa etmək imkanı var". 

 

Aydan Qasımova

 

Şəklin mənbəyi: https://xalqxeber.az/society/76623-xocasen-golu-etrafinda-yashil-koridorun-yaradilmasi-davam-edir.html

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər