Xoşbəxt olmayan romantik şair
Arxiv sənədləri və dövri mətbuatla tanışlıq bir daha sübut edir ki, heç bir dövrdə Azərbaycan ədəbiyyatı və mətbuatı XX əsrdə olduğu qədər qüvvətli, siyasi, ziddiyyətli, gərgin hadisələrlə, çıxışlarla, kütləvi hərəkatla bu qədər bağlı olmayıb. Bu bağlılığın nəticəsi olaraq XX əsrin əvvəllərində mətbuatımızda iki böyük məktəb yarandı: realistlər və romantiklər. Hər iki ədəbi məktəbin nümayəndələrindən sona qədər onun ideyalarına sadiq qalanlar da oldu, qalmayanlar da. Məsələn, Abbas Səhhət, Abdulla Şaiq, Səməd Mənsur sovet dövründə romantizmdən realizmə meyilləndilər. Azərbaycan ədəbiyyatında və mətbuatında sona kimi bu cərəyanın ideyalarına sadiq qalan iki böyük filosof şairimiz Hüseyn Cavid və Məhəmməd Hadi oldu.
“Şərq romantizmini” yaradanlarından biri olan H.Cavid dəhşətli 37-nin, ömrü boyu rəzalətdə yaşayan M.Hadi isə 1920-ci ildə Gəncədə bolşeviklərin əleyhinə baş qaldıran məşhur Gəncə üsyanında bolşeviklərin qurbanı oldu. Lakin bu haqda şairin qələm dostu Abdulla Şaiq belə yazırdı ki: “Hadi təxminən 1919-cu ilin axırları, 20-ci illərin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu. Şairin “yox olmasını” o zaman ancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, “gördüm” deyən olmadı. Hadi Azərbaycanda parlaq bir günəşin doğuşu ərəfəsində, onun xəyalındakı bir çox arzuların həyata keçirilməyə başlayacağı dövrdə həyat sahəsindən çəkildi, müsavat ağalığının törətdiyi qarışıqlıqlar içində bir növ “itdi”.
Mollanasrəddinçi Əli Nəzmi isə 1945-ci ildə bu haqda belə yazırdı: “Hadi 1920-ci ilin may ayında Gəncədə soyuqdəymədən vəfat etmiş və orada da dəfn olunmuşdur”.
Unutmayaq ki, istər Abdulla Şaiq, istərsə də Əli Nəzmi bu sətirləri sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən bir dövrdə yazıb. Ona görə də təbii ki, Gəncə üsyanında bolşevik atlarının ayaqları altında vəhşicəsinə həlak olan Hadinin ölümünü belə qələmə verməli idilər.
Hər birimizə bəllidir ki, M.Hadi yaradıcılığı haqqında müxtəlif illərdə, müxtəlif rəylər, fikirlər söylənilib. Sovetləşmənin qızğın çağı 1930-40-cı illərdə romantik şairin yaradıcılığına yasaq qoyulub. Məsələn, 1947-ci ildə “Ədəbiyyat” qəzetinə redaktorluq edən Cəfər Cəfərov “Səni kim unudar” adlı bədii publisistik bir məqaləni qəzetdə dərc edir. Poetik yanğı ilə oxucunu səcdə gətirən bu məqalə istedadlı filosof şair Məhəmməd Hadiyə həsr edilmişdi. Məqalə hakim dairələrin hiddətinə səbəb olur, ruspərəst məmurların “burjua ideoloqu və millətçi” adlandırdıqları M.Hadi yaradıcılığına isti münasibət gənc redaktora çox ağır başa gəlir. Partiyalı mətbuatda, Mərkəzi Komitənin iclaslarında C.Cəfərov məzəmmət və qınaq hədəfinə dönür, rəhbərliyin göstərişi ilə tez bir zamanda redaksiyadan uzaqlaşdırılır. Uzun müddət işsiz qalan C.Cəfərov üçün bu hələ yüngül cəza idi.
Lakin mən bu məqaləmdə M.Hadinin yaradıcılığı haqqında deyil, əvvəldən axıra qədər təlatümlər içində keçən həyatından bəhs etmək istərdim. Qırx illik ömründə bircə gün də xoşbəxt olmayan Hadi bu dünyada nə ev-eşik, nə də oğul-uşaq sahibi oldu.
M.Hadi yaradıcılığı və həyatı ilə tanış olarkən görkəmli ədəbiyyatşünas alim, yazıçı-publisist Rafael Hüseynovun “Vaxtdan uça” əsəri yadıma düşdü. Görünür Məhəmməd Hadi dünyaya gələndə Ulu Tanrının xoş vaxtına düşməyib ki, Hadiyə xoşbəxt yazmayıb.
Əslində Hadi romantik və realist qələm yoldaşlarının əksəriyyəti kimi “bir parça çörəyi daşdan çıxaran, yoxsul bir ailədə dünyaya gəlməyib. O, 1879-cu ildə Şamaxının sayılan-seçilən tacirlərindən Əbdülsəlim kişinin ailəsində anadan olub. Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə “Hadi” (ərəbcə -doğru yol göstərən) təxəllüsünü seçib. 9 yaşına kimi hər cür naz-nemətin içində böyüyən Hadinin atası qəfil rəhmətə gedir. Elə Hadinin qara günlərinin bünövrəsi də həmin günlərdən qoyulur. Az keçmir, anası Hadini və iki qızı Əsma və Sahibi ataraq qonşu Suluq kəndində yaşayan varlı bir tacirə ərə gedir. Uşaqlar qalır ata nənələri Teyyibə xanımın himayəsində. Teyyibə xanım Hadini əvvəlcə məhəllə məktəbinə Molla Səmədin yanına qoyur. Burada bir il təhsil aldıqdan sonra nənəsi onu Şamaxıda Molla Abbasın məktəbinə göndərir. Bu məktəb şair Abbas Səhhətin atasının məktəbi olub və tədqiqatçıların fikrincə, həmin məktəb bəzi yeni üsulları ilə o zamankı molla məktəblərindən qismən fərqlənirdi. Hadi burada nisbətən daha mükəmməl təhsil alır.
Deyilənlərə görə 19-20 yaşında olanda Hadi uzaq qohumlarından birinin qızına vurulur. Əvvəl bu sevgiyə biganə olmayan qız sonra kasıb və kimsəsiz Hadini bir tacirə dəyişərək ona ərə gedir. Bu hadisə də Hadinin qadınlara olan münasibətini daha da kəskinləşdirir və o, ömrü boyu bir daha heç kimi sevmir və evlənmir.
Tədqiqatçı alim Əziz Mirəhmədovun yazdığına görə, bu qız onun uzaq yox, dos-doğma əmisi qızı olur. O əmisi ki, Hacı Abbasqulu Hadinin və bacılarının böyüməsində, xüsusən də Hadinin təhsil almasına onlara yardımçı olmuşdu. Lakin Hadinin atasının ölümündən iki il sonra əmisi də dünyasını dəyişir və əmisi arvadı Hadinin sevgilisini Əhməd adlı varlı bir tacirə ərə verir. İki cavan oğlunun qəfil ölümünə dözməyən Teyyibə xanım bir il sonra vəfat edir. Hadinin özünün dediyi kimi, “Nənəmin ölümündən sonra əsl yetim qaldıq”.
…İllər sonra Hadinin ən yaxın dostu Abdulla Şaiq bu haqda yazırdı ki: “Bir dəfə Hadiyə evlənməyi haqqında zarafat etdim. O, çox ciddi halda dedi: “Allah bəlalarını versin, bu qadınlarda bizi anlayacaq baş, hiss edəcək ürəkmi var?”. Həyatında onun üçün əziz olan iki qadının: anasının və sevgilisinin onu atması və hər ikisinin də onu bir tacirə dəyişməsi Hadidə qadınlara qarşı nifrət hissi oyatmışdı.
Şairin Abdulla Şaiqlə dostluğu 1905-ci ildən başlayır. Hər dəfə Hadini bədbin, dalğın görən Abdulla Şaiq dostcasına onu tənqid edərək bir az şən olmasını söylədikdə. Hadi əsəbi bir halda deyir ki: “Eh, Şaiq, həyatı başdan-başa faciələrlə keçmiş bir bədbəxtdən nə gözləyirsən?!”.
…1902-ci ildə çox şaxtalı, boranlı bir qış gecəsi Şamaxıda güclü zəlzələ baş verir, şəhər bir daha yerlə-yeksan olur. Adamlar çöllərə düşür, yurdunu tərk etməyə vadar olur. Hadi də bu səngərdan adamlar arasında idi və onlar üz tuturlar Kürdəmirə. Hadi burada müəllimliklə məşğul olmağa başlayır. Çox çətin gün-güzəran, ətraf mühit təbiətən minnət götürməyən, məhdud yaşamağı bacarmayan Hadini sıxırdı. Bu mənəvi iztirablar içində çətin bir vəziyyətə düşən və mühitinə sığa bilməyən Hadi hisslərini şeirlə bildirməy başlayır.
Beləliklə, gələcəkdə Azərbaycan romantizminin ən istedadlı nümayəndəsi olan filosof şair Məhəmməd Hadi ilk mətbu çıxışını 1905-ci ildə “Həyat” qəzetinin 109-cu sayında edir. Sonra “Təkamül”, “Yoldaş” qəzetlərində şeirləri çap olunan Hadi oxucularının diqqətini cəlb edir. Bu xəbər həmin illərdə Həştərxanda yaşayan qohumu Mustafa Lütfiyə çatır (Mustafa Lütfi Hadinin bibisinin qaynı idi və Şamaxıda yaşayarkən Teyyibə xanım rəhmətə getdikdən sonra bir neçə il Hadini öz evində saxlamışdı). Lütfi orada “Bürhani-tərəqqi” adlı qəzet nəşr etdirmişdi və elə ona görə də Hadini yanına çağırır. 1905-ci ildə Həştərxana gedən Hadi burada mətbuatda çalışır.
Hələ “Həyat”da çap olunarkən onun şeirləri Əlibəy Hüseynzadənin çox xoşuna gəlmişdir. Odur ki, 1906-cı ildə “Füyuzat”ı açarkən M.Hadini Bakıya dəvət edir. Hadi tərəddüd etmədən Bakıya gəlir və “Füyuzat”da işə başlayır. “Füyuzat” bağlandıqda Hadi “Həqiqət”, “Tazə həyat” və “İttifaq”, “Səda” qəzetləri ilə əməkdaşlıq edir.
M.Hadi bu qəzetlərdə şeirləri ilə yanaşı, publisistik məqalələrini də çap etdirib. O, mətbuat və şəxsiyyət azadlığını müdafiə etməklə tərəqqi və mədəni inkişafı dəstəkləyir, müqəddəs dinimizin də təbliğini məsləhət bilirdi. Doğrudur, onun bu fikirləri sovet dövründə “şairin köhnə, idealist görüşlərindən yaxa qurtara bilməməsi və yaxud ziddiyyətli yaradıcılığa malik qələm əhli” kimi qiymətləndirilirdi. Əslində Hadi dünyəvi elmlərlə yanaşı, dini elmlərin də təbliği fikrini dəstəkləyirdi. Onun “Elmi-əbdana həqiqi bir nəzər” sərlövhəli məqaləsi diqqəti cəlb edir. “İslamiyyət özünün bütün mahiyyəti etibarilə tərəqqiyə, elmə, mədəniyyətə çağıran bir dindir”,-söyləyən şair xalqı soyan, fırıldaqçı ruhaniləri də tənqid etməkdən çəkinmirdi. İllər sonra isə şairin haqq yolunda olduğu sübut oldu. Çünki dünyəvi elmləri bilməklə yanaşı hər bir xalq öz keçmişini, dilini, dinini, onun tarixini mütləq öyrənməlidir. “Keçmişini bilməyən gələcəyə gedə bilməz” haqq sözdür.
1910-cu il. 17 oktyabr 1905-ci il tarixli bəyannaməsini imzalamaqla xalqa “azadlıq” verməyə məcbur olan hökumət Azərbaycanda milli inkişafdan, xüsusən də anadili mətbuatın fəaliyyətindən qorxuya düşərək yenidən güclü senzura qaydalarını altına alır.
“Hürriyyəti-kəlama” qarşı aparılan bu haqsızlıq M.Hadini çox narahat edir və o, üz tutur Türkiyəyə. İstanbula gələrək “Tənin” qəzetində Şərq dilləri tərcüməçisi kimi işə başlayır. “Tanin”lə yanaşı, Türkiyənin digər qəzet və jurnallarında məqalə və şeirlərini çap etdirir. Az bir vaxtda tərəqqipərvərlik və türkçülük ruhunda yazdığı şeirlər bütün Şərqdə oxunub yayılmağa başlayır. Hətta ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin yazdığına görə: “Şairin “Fünun və maarif” adlı şeiri Hindistanda, “Hüblülmətin” qəzetində farsca tərcümə edilərək çap olunub”.
Türkiyədə “Gənc türklər” cəmiyyəti ilə sıx əlaqə saxlayan M.Hadini 1913-cü ildə Osmanlı hökuməti siyasi şəxs kimi həbs edərək Saloniki şəhərinə sürgün edirlər. Burada yunanlar onu türk casusu hesab edərək öldürmək istəyirlər. Bu zaman bir yunan keşişi onu himayəsinə alaraq xilas edir. 1914-cü ildə Hadi çox çətinliklə Bakıya qayıdır. Sürgün həyatı, aclıq, ağır iztirab məğrur şairi sarsıdır. Qocaman yazıçımız Manaf Süleymanlının yazdığına görə Hadi o zaman bir müddət ruhi xəstəxanada yatır.
Hadinin Bakıya qayıtmasını Abdulla Şaiq xatirələrində belə yazırdı: “Hadinin gəldiyini bilmirdim. Bir gün küçədən keçərkən üst-başı kirli, halı pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünki tanınacaq halda deyildi. O, titrək bir səslə: “Şaiq məni tanımadın?”,-deyə soruşdu. Səsindən və gözlərinin rəngindən Hadi olduğunu tanıdım. Qucaqlayıb bağrıma basdım”.
A.Şaiqin xatirəsindən bəlli olur ki, o, Hadini oradan birbaşa təkidlə öz evinə gətirir və bir neçə gün qonaq saxlayır. Bir gün A.Şaiq dərsdə olarkən Hadi evdə heç kimə bir söz demədən çıxıb gedir. Dostu onu bir müddət axtarır. Xəbər tutur ki, tanış bir həkim dostu onu müalicə etmək üçün xəstəxanaya qoyub.
Hadi xəstəxanada yatanda artıq Birinci dünya müharibəsi başlamışdı. O, sağalıb çıxanda, 1915-ci ildə könüllü olaraq Qafqaz ordusuna yazılır. Cəbhə, döyüş həyatı onsuz da bədbin olan şairi daha da bədbin edir. Şeirlərində, məktublarında bu hiss bütünlükdə özünü büruzə verir. “Meydani hərb xatirələrindən” sərlövhəsi altında Bakıya şeirlər göndərir.
1918-ci ildə Hadi cəbhədən Şamaxıya qayıdır. Bu qayıdışdan heç kimin sevinməməsi və ən yaxın dostu Abbas Səhhətin ölümü onu daha da tənhalaşdırır. Şair Gəncəyə qayıdır. Gəncədə və Bakıda baş verən siyasi hadisələr onun da diqqətindən yayınmır. Şair həmin ilin payızında Bakıya gəlir və yenidən mətbuatla sıx əlaqə yaradır. Ədəbiyyatşünas alim Əziz Mirəhmədovun fikrincə, Hadi 1918-1919-cu illərdə dörd kiçik kitabını çap etdirir.
M.Hadinin sonrakı yaradıcılığında bu bədbinlik nisbətən azalır və hiss olunur ki, onun məfkurəsində bədbinlik səciyyəvi deyil, əksinə,həssaslıq, dərinliklərə getmək meyli, fəlsəfi zənginlik arzusu var. Ona görə də onun şeirlərində coşqunluq hissi ümumi məzmunda olsa da, əsas vətənpərvərlik hissidir. Lakin Hadi vətənini arzuladığı vəziyyətdə görmək istəyirdi. Dünyanın qabaqcıl, azad xalqlarını alqışlayan şair mütərəqqi hərəkata meyl edərək öz xalqını mübarizəyə səsləyirdi. Çünki o bütün varlığı ilə azad, müstəqil bir qələm əhli idi və onun yaradıcılığının əsas mövzularından biri azadlığın, hürriyyətin tərənnümüdür. Onda azadlıq məsələsi çox hərarətlə təbliğ edilirdi. Ona görə də vətənində hökm sürməkdə olan zülmə qarşı çıxırdı. “Ah kimsəsiz vətən” şeirində bunu üsyankarcasına bəyan edirdi. Xalqını bu mübarizəyə səsləsə də, şairin içində dəhşətli bir qorxu var idi ki, o bu xoş günləri görməyəcək. Ona görə də, sanki vəsiyyət edərək yazırdı:
Ey ol vaxtı görən məsud, unutma, bizləri yad et
Bu yolda həsrət ilə can verən əhbabi tədad et.
Yuxarıda qeyd etdik ki, Hadi fəlsəfi, mütəfəkkir şairdir. Yaradıcılığının son dövründə Hadi şeirində təfəkkür meyli çox güclənmişdi. Bu onun müharibə dövrü gördüyü faciələrdən, öz şəxsi həyatındakı mənfi hadisələrdən, maddi və mənəvi çətinliklərdən çox bərk təsirləndiyi üçün idi.
“İşıq düşüncələr ilə işıqlanar millət”,-söyləyən şair, öz yaradıcılığı ilə xalqının azadlığı, tərəqqisi, səadəti yoluna işıq sala bilsə də, özü amansız dünyanın, soyuqqanlı insanların qurbanı oldu. Fikrət Sadıq demiş: “O elə yandı ki, külü qalmadı…”
BDU-nun professoru Qərənfil Dünyaminqızı