Xoşbəxtlik daim Üzüntünü danlayır, üzməməsi gərəkdiyi haqqında tənbeh edir - Aydan Qasımova yazır
Kiçikkən anamın əlindən tutub gəzdiyimiz yerləri xatırlayıram. Atamla məktəbdən evə ayaqla gəldiyimizdə daha xoşbəxt olduğumu, lakin anamın "Uşağa niyə belə edirsən, axı ayağı ağrıyar, uşaqdır o?" dediyini də. Hələ tut ağacları ilə şənlikdəymiş kimi hiss etməyim-böyük ehtimalla kiçikliyimdəki xoş xatirələr idi bunlar. Yağışlı havada maşınların səsindən zövq almağım isə o günlərdən ilk ağlıma gələn ən xoş xatirələrdəndir.
İnsanlar həyatdan bəhs edərkən beynin uzun müddət sürən qida ehtiyacından dolayı pis hadisələri, xatirələri yada salır, xatırlayırlar. Bu çox normaldır, çünki bəd düşüncələr beyni daha uzun müddət qidalandırır, nəinki xoş düşüncələr. "Sevdiyin insanı qucaqladın və dünyanın xoşbəxti oldun, indi isə yanında olmadığı üçün bu xoşbəxtlikdən daha uzun sürən acıları yaşama zamanı".
Düzdür, pis xatirələr insanı üzür və ölümünü yaxınlaşdırır, lakin eyni zamanda həyatın dəyərini nəyin nə olduğunu yaxşı başa düşən insana daha yaxşı anladır, həyat dərsi keçir. Üzüntünü üzməyin, onun da xoşbəxt olmağa haqqı var..
Kiçikkən mini TV ekranından Pixarın yayımladığı " İnside out" ("Tərs üz") izləmişdim. Xoşbəxtlik daim Üzüntünü danlayır, üzməməsi gərəkdiyi haqqında tənbeh edir. Üzüntü isə öz vəzifəsini duyğularından dolayı istəməsə də, yerinə yetirir və özünü günahkar hiss edir.
Filmdə həm Sevincin, həm də Üzüntünün eyni, mavi saç rənginə sahib olması da qəribə və incə detaldır. Pixar açıqlamada Sevinci Tinker Belldən fərqləndirmək üçün bunu etdiklərini desə və bu təsadüfi olsa belə, mənim üçün hələ də önəmli detal olması gerçəyini dəyişmir.
Sonda Üzüntünün də önəmli olduğu açıqlandığı kimi, əslində, həyatımızda da önəmli yerə sahibdir.
Üzüldüyünüz üçün üzülməyin. Xoşbəxt ola bilməmək problem deyil, həyatınız hər zaman şən keçibsə (çox çox çox az ehtimal) demək ki, əsl problem buradadır.
Bu həyata bir dəfə gəlirik və hislərimizi bir göz qırpımında keçən, "Həyat" deyilən zaman dilimində yaşayırıq. Ona görə də məyus olmaqdan, ağlamaqdan çəkinməyin, utanmayın və ən önəmlisi qorxmayın.
Həyatınızı yaşayın getsin!
