Xəstəxanalarda növbə problemi
Dövlət xəstəxanalarında vətəndaşlar hədsiz adam sıxlığından şikayət edirlər. Xəstə halda getdikləri xəstəxanada üstəlik sıxlıq və növbə gözləməklə də mübarizə aparmalı olurlar. Xüsusilə də yaşlı insanlar üçün növbə gözləmək daha böyük problem olur. Bəs bu problem nədən qaynaqlanır?
Mövzu ilə bağlı İnformator.az saytının əməkdaşı araşdırma aparıb və TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət edib. Qurumdan saytımıza bildirilib ki, vətəndaşların xidmətlərə əlçatanlığının təmin edilməsi üçün hazırda onlar birbaşa ixtisaslı həkimə müraciət edir, artıq ailə həkiminə müraciət zərurəti yoxdur: "İxtisaslı həkimdən yardım üçün isə çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laborator müayinələr artır. Bu da öz növbəsində bəzi xəstəxanalarda növbələrin yaranmasına səbəb olur".
Əksər vaxt pasiyentlərin tibb xidmətinə ehtiyacı olmayan yaxınları ilə gəlməsi və hazırda yeni dərs ilinin başlanması ilə əlaqədar arayış üçün gələnlərin də sıxlığın artmasına səbəb olduğu bildirilib: "Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə mürciətlər növbəsiz şəkildə qəbul olunur."
Məryəm Məmmədova
