Xudayar Yusifzadənin əziz xatirəsinə
Bəzən bir xalqın tarixini illər deyil, bir an yazır. Bir baxış, bir səs, bir addım. Xudayar Yusifzadə o an idi… O, ömrü ilə Vətənin taleyinə çevrilən bir gənc idi. Gülüşü uşaq saflığı, baxışları əsgər iradəsi, səsi isə bir millətin ruhu idi.
“Xudayarın dastanı”-yalnız bir mahnı deyildi. O səs azadlığa həsrətin, torpağa sevdanın, şəhidliyin ən saf, ən pak ifadəsi idi. O, sanki o an bilib ki, bu səs bir xalqın yaddaşına həkk olunacaq, illər keçsə də, heç vaxt susmayacaq.
22 oktyabr-bir qəm günü, amma həm də bir qürur günüdür. Çünki Xudayar şəhid olduğu gün Azərbaycan bir qəhrəmanını itirməyib, əbədiyyətə qovuşdurub. O, Vətən torpağına qarışıb, amma ruhu səmada azad quşlar kimi dolaşmağa başlayıb. İndi onun səsi dağlarda külək kimi dolaşır, çayların axarında səslənir, hər ana duasında, hər bayrağın dalğasında yaşayır.
Bəzən elə bir ömür olur ki, illərlə yaşamaqdan daha mənalıdır. Xudayarın ömrü də o cür idi-qısa, amma işıqlı. O, nə şöhrət, nə də ad üçün döyüşüb. O, sadəcə Vətənini sevdiyi üçün döyüşüb. Və o sevgi-ölümə meydan oxuyan bir sevgi idi.
Bu gün Xudayarı anmaq-sadəcə bir şəhidin xatirəsini yad etmək deyil. Bu, həm də azadlığın qiymətini, torpağın müqəddəsliyini, millətin mərdliyini anlamaqdır.
Çünki hər dəfə Qarabağda bir uşaq gülürsə, orada Xudayarın səsi eşidilir. Hər dəfə bayraq bir az da yüksəyə qalxırsa, orada onun ruhu dalğalanır.
O, ölməyib, sadəcə səması dəyişib. O, getməyib, sadəcə torpağın sinəsinə çəkilib. Və indi hər daşda, hər ağacda, hər azad nəfəsdə onun adı yazılıb:
Xudayar Yusifzadə-Azərbaycanın səsi.
Banuçiçək Məmmədova
