Xəzər dənizinin su səviyyəsinin azalması nə ilə bağlıdır?
Son zamanlar Xəzər dənizində müşahidə olunan su səviyyəsinin azalması narahatlığa səbəb olur. Bu proses həm regionun ekosisteminə, həm də sahilboyu yaşayış və təsərrüfat sahələrinə birbaşa təsir göstərir.
Mövzu ilə bağlı ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov "İnformator.az"a açıqlamasında qeyd edib ki, əgər bu gün lazımi adaptasiya planlamaları həyata keçirilməzsə, vəziyyət daha da pisləşə bilər:
"Xəzər dənizi daxili göldür və belə göllərin əsas su mənbəyi onlara tökülən çaylardır. Son 30 ildə dünyadakı daxili göllərin yarıdan çoxu əhəmiyyətli dərəcədə su ehtiyatını itirib, bəziləri isə tamamilə quruyub. Məsələn, Aral, Urmiya və Çad gölləri demək olar ki, qurumuş vəziyyətdədir. Halbuki bu göllər əvvəllər zəngin və rəngarəng ekosistem xidmətləri təmin edirdilər. Hazırda bu funksiyalar tamamilə itmiş vəziyyətdədir və quruma prosesi gözlənilmədən başlayıb. Belə ki, göllərdə suyun azalması ilkin mərhələdə nəzərə çarpmayacaq dərəcədə yavaş gedir. Məsələn, əgər bu göllərə tökülən çayların suyundan həddindən artıq istifadə edilirsə, bu təsir dərhal gölün səviyyəsində görünmür, bir müddət sonra kəskin azalma müşahidə olunur və qəfil ekoloji böhran yaşanır. Bu həm Aralda, həm də Urmiya gölündə belə olub və hazırda bu proses Xəzərdə də müşahidə olunur. Qeyd etmək lazımdır ki, Xəzər dənizində tarixi dövrlərdə də su səviyyəsində azalmalar baş verib. Bu isə onun daxili göl olması ilə birbaşa bağlıdır. Belə göllərdə səviyyə dövri olaraq arta və azala bilər. Lakin Xəzər kimi böyük bir su hövzəsində bu dəyişikliklər daha geniş miqyasda baş verir və nəticələri daha ciddi ola bilər. Hazırda Xəzər dənizində müşahidə olunan səviyyə azalması təkcə iqlim dəyişmələrinin təsiri ilə deyil, həm də çay sularından həddindən artıq istifadə nəticəsində baş verir. Hələ Nazarbayevdən əvvəl, Azərbaycan Prezidenti də Xəzər haqqında danışarkən belə bir fikir irəli sürüb, "Biz hər məsələdə yalnız iqlim dəyişmələrini günahlandıra bilmərik". Reallıq ondan ibarətdir ki, Xəzərə tökülən çayların, xüsusilə Volqa çayının suyundan həddən artıq istifadə edilir. Məsələn, Volqa çayı üzərindəki su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrdən çoxdur ki, bu da əlavə buxarlanma və infiltrasiya nəticəsində su itkisi deməkdir".
Müsahib bildirib ki, Həştərxan vilayətində son illərdə suvarılan sahələrin sahəsi kəskin şəkildə artıb:
"Oxşar vəziyyət digər çay hövzələrində də müşahidə olunur. Məsələn, Kür hövzəsində su götürmələrinin həcmi həm Türkiyədə, həm Gürcüstanda, həm də Azərbaycanın özündə əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Təbii ki, bu da Xəzər dənizinin səviyyəsində öz əksini tapmalı idi və artıq göstərir. Bu proses geri dönməz ola bilər. Əgər bu gün lazımi adaptasiya planlamaları həyata keçirilməzsə, vəziyyət daha da pisləşə bilər. Qeyd edilməlidir ki, Azərbaycan artıq bu istiqamətdə tədbirlər görməyə başlayıb. Hazırda Şirvan kanalının bərpası və genişləndirilməsi prosesi gedir. Bu, təkcə əkin sahələrinin artırılması məqsədilə həyata keçirilmir. Eyni zamanda məqsəd, Şirvan kanalında mövcud olan su itkilərinin qarşısını almaqdır. Məhz bu addım Milli Adaptasiya Proqramının əsas tərkib hissələrindən biridir. Bu proqram su itkilərinin azaldılması vasitəsilə Azərbaycanın su təhlükəsizliyinə töhfə verməyi hədəfləyir. Bənzər proqramlar digər Xəzəryanı ölkələrdə də həyata keçirilməlidir. Ümid olunur ki, beş Xəzəryanı dövlət bir araya gələrək öhdəliklər götürəcək və razılaşacaqlar ki, hər ölkənin ərazisindən Xəzərə axan çaylardan nə qədər su buraxılmalıdır. Burada vacib bir məqam da var. Bu prosesə Türkiyə, Gürcüstan və Ermənistan da cəlb olunmalıdır. Çünki Xəzərə axan çay sularının istifadəsində bu ölkələr də iştirak edir. İran da həm Xəzəryanı ölkə kimi, həm də dolayı yolla Xəzərə axan suların azalmasında rol oynayır. Ümumilikdə, bu məsələdə bütün iştirakçı ölkələr daha məsuliyyətli davranmalıdır. Əgər məsuliyyət göstərilməzsə, bizi geriyə dönməz bir proses, Xəzərin səviyyəsinin ciddi şəkildə azalması gözləyə bilər. Bu isə Xəzəryanı ölkələr üçün böyük bir ekoloji fəlakətə çevrilə bilər".
Səmayə Səftərova
