Yüksək məbləğ – yüksək keyfiyyət?
Elm və təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsillə bağlı mövcud vəziyyət və görülən işlər barədə açıqlama verib. Nazir bildirib ki, məktəbəqədər hazırlıq mərhələsində uşaqların ən azı bir il iştirak etməsi vacib hesab olunur və bu istiqamətdə mövcud problemlərin artıq 85 faizindən çoxu həll edilib.
Nazir vurğulayıb ki, bütün uşaqların yalnız dövlət hesabına məktəbəqədər təhsillə təmin olunması real deyil və bu yanaşma dünyada da geniş tətbiq edilmir. Məhz bu səbəbdən problemin daha dayanıqlı həlli üçün alternativ mexanizmlər üzərində işlənilir.
Mövzu ilə bağlı təhsil eksperti Rivzan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu məbləğ o qədər də şişirdilmiş sayılmır:
“Ümumiyyətlə, 4 500 manatlıq xərclə bağlı məsələni qiymətləndirmək üçün bu rəqəmin hansı komponentlər əsasında formalaşdığını və alternativ modellərlə müqayisədə harada dayandığını anlamaq vacibdir. İlk baxışda bu məbləğ yüksək görünə bilər, amma gəlin müqayisə aparaq.
Hazırda özəl baxçaların illik ödənişləri bölgələrdə təxminən 2 500 manat civarındadır, Bakıda isə bu məbləğ 4 000 manata qədər yüksəlir. Amma dövlətin açıqladığı 4 500 manatlıq xərclə bu ödənişləri birbaşa müqayisə etmək doğru deyil. Çünki dövlət baxçasında bu məbləğ yalnız uşağın tədrisinə deyil, bütöv sistemin saxlanmasına sərf olunur.
Bu rəqəmə müəllim və tərbiyəçilərin əməkhaqları, vergilər, sosial ödənişlər, köməkçi heyət, aşpaz, dayə, mühafizəçi, texniki işçilər, binanın icarəsi, qidalanma, tədris materialları, inventar, inzibati idarəetmə və hətta kapital təmir xərcləri də daxildir. Yəni bu, xalis tədris deyil, ümumi sistemin saxlanma xərcidir. Belə baxanda bu məbləğ şişirdilmiş deyil.
Beynəlxalq təcrübəyə baxdıqda, məsələn, Şərqi Avropa və Türkiyədə dövlətin bir uşağa illik xərci 2 500–4 000 ABŞ dolları arasındadır. İnkişaf etmiş ölkələrdə isə bu məbləğ 7 000–12 000 dollar arasında dəyişir. Azərbaycanın 4 500 manatı isə təxminən 2 600 dollar edir ki, bu da orta səviyyədir. Yəni bu rəqəm beynəlxalq standartlarla uyğun gəlir.
Amma əsas problem məbləğin özü yox, onun effektiv şəkildə necə xərclənməsindədir. Uşaqların sayı az, siniflər kiçik, bölgələr arasında fərqlər çox, səmərəlilik isə aşağıdır. Bundan əlavə, alternativ maliyyə modellərinin zəif tətbiqi də mövcuddur.
Nazir özü də qeyd edib ki, bütün uşaqların yalnız dövlət hesabına maliyyələşdirilməsi fiskal cəhətdən davamlı deyil. Buna görə də dövlət–özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. Məsələn, dövlət özəl baxçalarda uşağın xərclərinin bir hissəsini ödəyir, qalanını valideyn qarşılayır. Bu, hazırda bəzi yerlərdə tətbiq olunur.
Ən effektiv modellərdən biri “pul uşaqla getsin” prinsipidir. Yəni dövlət vəsaiti baxçaya deyil, uşağa yönəldir. Valideyn isə dövlət və ya özəl baxçanı seçir və dövlət uşaq başına müəyyən məbləği həmin müəssisəyə köçürür. Bu model dövlət üçün xərcləri 20–40 % azalda bilər, eyni zamanda keyfiyyətli rəqabət formalaşar, qeyri-rəsmi baxçalar isə leqallaşar.
Əsas məsələ bu sistemin şəffaf və düzgün tənzimlənməsidir. Monitorinq və maliyyə nəzarəti mexanizmləri gücləndirilməlidir. Yaxşı tətbiq olunarsa, bu model həm əhatə dairəsini genişləndirər, həm də xərcləri azaldar.
Digər tərəfdən, məktəbəqədər hazırlığın ən azı bir il olması uşağın zehni, sosial, emosional və dil inkişafı üçün çox önəmlidir. Bu, artıq elm tərəfindən dəfələrlə sübut olunub. Məktəbəqədər hazırlıq görmüş uşaqlarda diqqət, məntiq, danışıq bacarığı, riyazi və oxu-yazı vərdişləri daha erkən inkişaf edir. Xüsusilə nitq və davranış riski olan, kənd yerlərində yaşayan, sosial imkanları məhdud uşaqlar üçün bu bir il olduqca əhəmiyyətlidir.
Lakin bir il təhsil almayan uşaqlarda bəzi xüsusiyyətlərə rast gəlinir. Məsələn, sözləri düzgün tələffüz edə bilməmə, səlis cümlə qura bilməmə, müəllimənin verdiyi tapşırığı anlamama kimi hallarla üzləşirik”.
Həmçinin Rivzan Fikrətoğlu bir illik məktəbəqədər təhsilin hansı uşaqlar üçün daha vacib olduğundan bəhs edib:
“Əslində bütün uşaqlar üçün faydalıdır, amma kənd və ucqar ərazilərdə yaşayan, ailədə valideyn təhsili aşağı olan, evdə təlim resursları məhdud olan, nitq və anlayış problemi olan uşaqlar üçün kritik əhəmiyyət daşıyır. Bu qruplar üçün məktəbəqədər hazırlıq sosial bərabərsizliyi azaldır.
Mənim üçün bir illik təhsil akademik yüksəliş üçün vacibdir. Uşaqların sağlam məktəb həyatına başlaması üçün elmi əsaslara malik inkişaf yaradır.
Nəticə olaraq, məktəbəqədər təhsildə əsas məsələ rəqəmlərdən çox effektivlik və bərabər imkanların təmin olunmasıdır. Alternativ maliyyələşmə mexanizmləri düzgün tətbiq olunarsa, həm keyfiyyət yüksələr, həm də dövlət yükü azalır. Amma burada əsas məsələ keyfiyyətdən güzəştə getməməkdir. Xərclər azaldılanda bu, müəllim maaşları, qidalanma, tədris materialları kimi əsas sahələrə toxunmamalıdır.
Düzgün planlanma ilə dövlət həm daha çox uşağa çıxış imkanı yarada, həm də ümumi təhsil sisteminin keyfiyyətini artıra bilər”.
Aydan Əsgərxanlı
