00:00:00
Yazar
Admin User
23.10.2025 17:40 172 3 dəq oxuma
Maraqlı

Yalan xəbərlərin əsrində həqiqət necə yaşayır?

Yalan xəbərlərin əsrində həqiqət necə yaşayır?

İnformasiya bolluğu dövründə yaşadığımız bu günlərdə, xəbəri almaq heç vaxt bu qədər asan, lakin onu ayırd etmək heç vaxt bu qədər çətin olmamışdı. Sosial media, bloqlar və onlayn platformalar hər kəsə “jurnalist” olmaq imkanı verib. Nəticədə, həqiqət və yalan bir-birinə qarışır, oxucu isə bu xaosun içində doğru məlumatı tapmaqda çətinlik çəkir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalist Vüqar Zifəroğlu bildirib ki, yalan xəbərlərin bu qədər sürətlə yayılmasının bir neçə səbəbi var:

 

“Əvvəla, sosial medianın alqoritmləri diqqəti cəlb edən, emosional və sensasiyalı məzmunu önə çıxarır. İnsan psixologiyası belədir ki, maraqlı və şokedici başlıqlara daha tez reaksiya verir. Bu isə “clickbait” mədəniyyətini gücləndirir-yəni xəbər nə qədər təhrif olunan və emosional olsa, bir o qədər çox paylaşılır. İkinci səbəb, peşəkar redaktə mexanizmlərinin zəifləməsidir. Ənənəvi media orqanlarında hər məlumat bir neçə yoxlamadan keçirdisə, sosial mediada bu filtrlər yoxdur. Hər kəs “jurnalist” ola bilir, nəticədə məsuliyyətsiz paylaşmalar həqiqəti dumanlılaşdırır. Üçüncü səbəb isə məlumat sürəti ilə keyfiyyət arasında yaranan ziddiyyətdir. Media orqanları bir-birilə rəqabətdə “ilk paylaşan” olmaq üçün tələsir, bu isə faktların yoxlanılması mərhələsini qısaldır və dezinformasiyanın yayılmasına şərait yaradır. İnsan davranışında “təsdiqləmə meyli” (confirmation bias) deyilən bir anlayış var-yəni insan daha çox öz mövqeyinə, inanclarına uyğun məlumatlara inanır. Yalan xəbərlər də məhz bu psixoloji mexanizmdən istifadə edir: onlar emosiyalara, qorxulara, stereotiplərə və ya milli hisslərə toxunur. Bundan başqa, məlumatın çoxluğu insanların informasiya yorğunluğuna səbəb olur. Oxucu artıq hər xəbəri yoxlamaq istəmir, çünki çoxdur. O, sadəcə, öz düşüncəsinə uyğun gələn xəbəri “doğru” kimi qəbul edir. Sosial mediada alqoritmlər də bu meyli gücləndirir: istifadəçiyə onun baxış bucağına uyğun xəbərlər göstərilir, beləliklə, insan informasiya “baloncuğu”nun içində qalır. Nəticədə, yalan xəbərlər yalnız yanlış məlumat deyil, həm də emosional manipulyasiya aləti kimi fəaliyyət göstərir. İnsan faktlara deyil, duyğularına əsaslanaraq reaksiya verir və bu, kütləvi manipulyasiyanın ən təhlükəli formalarından birinə çevrilir”.

 

Müsahibimiz həmçinin bildirib ki, ənənəvi anlayışda jurnalistikanın funksiyası informasiyanı ictimaiyyətə çatdırmaq idi:

 

“Lakin müasir dövrdə bu anlayış köklü şəkildə dəyişib. Artıq təkcə “xəbəri çatdırmaq” kifayət etmir, çünki məlumatın bolluğu şəraitində ən vacib məsələ doğru olanı ayırmaq və təsdiqləməkdir. Bu baxımdan jurnalistikanın əsas vəzifəsi bu gün informasiya doğrulayıcısı (fact-checker) rolunu daşımaqdır. Peşəkar jurnalist hadisəni yalnız nə baş verdiyini deməklə kifayətlənməməli, həm də onun mənbəsini, kontekstini və etibarlılığını göstərməlidir. Məhz bu yolla media yenidən ictimai etimadı bərpa edə bilər. Əgər jurnalistika bu funksiyanı unudarsa, onda informasiya məkanı manipulyatorların və saxta hesabların nəzarətinə keçər. Bu isə yalnız medianın deyil, demokratik cəmiyyətin özünün gələcəyi üçün təhlükədir. Yalan xəbərlərin əsrində həqiqət yaşamaq üçün yalnız jurnalistlərin yox, oxucuların da məsuliyyəti var. Həqiqət, artıq öz-özünə görünən deyil, araşdırılan, sübut olunan və qorunan bir dəyərə çevrilib. Jurnalistin işi isə bu dəyəri qorumaq, onu səs-küy və manipulyasiya içində itib-batmaqdan xilas etməkdir”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər