00:00:00
Yazar
Admin User
22.09.2025 12:46 104 2 dəq oxuma
İdman

Yankoviç uzun müddət meydanlardan kənarda qalacaq

Yankoviç uzun müddət meydanlardan kənarda qalacaq

"Komandanın oyunlarına çox pis təsir edəcək. Çünki Yankoviç təkcə bir mövqedə oynayan futbolçu deyildi. Dayaq müdafiəçi mövqeyində onu əvəzləmək mümkündür, yerində çıxış edə biləcək oyunçular var. Məsələn, həmin mövqedə Kris Kuako oynaya bilər və s. Yəni oyunçu olaraq dəyişiklik etmək olar. Amma Yankoviçin fərdi keyfiyyətləri, ustalığı var idi və o, komandanın faktiki lideri sayılırdı. Ona “maestro” deyirdilər. Marko Yankoviç “Qarabağ”ın əsas oyunçusu idi. Komanda faktiki olaraq meydandakı ən güclü oyunçusunu itirib. Performans və faydalı iş əmsalı baxımından o, həm müdafiədə, həm hücumda, həm də yarımmüdafiənin dayaq nöqtəsində 1 nömrəli futbolçu idi. Altı həftəlik müddət çox böyük itkidir. Onu əvəzləmək çətin olacaq".

 

Bu sözləri idman jurnalisti, ekspert Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, oyun planında xüsusi dəyişiklik olacağını düşünmür, amma vəziyyətin daha çətinləşəcəyini istisna etmir:

 

"Komanda yəqin ki, daha müdafiəyə meyilli oynamağa məcbur olacaq. Qeyd edim ki, onun yerinə Kris Kuako var və pis oyunçu deyil. Sadəcə, davamlı şəkildə həmin performansı nümayiş etdirə bilib-bilməyəcəyini görməliyik. Buna görə də onu iş başında izləmək vacibdir. Qarşıda “Kopenhagen”lə matça qədər iki çempionat oyunumuz var. Böyük ehtimalla Qurban Qurbanov Kuakoya əsas heyətdə şans verəcək, onu komandanın oyununa uyğunlaşdırmağa çalışacaq və biz də ondan daha yaxşı performans gözləyəcəyik. Başqa bir variant da ola bilər ki, Pedro Bikalho həmin mövqedə oynasın. Bu halda isə Kadi 8 nömrə mövqeyində çıxış etməli olacaq. Amma Çempionlar Liqasında bu, çətin məsələdir. Çünki orada sürət və tempo fərqlidir. O, maksimum 45 dəqiqə – 1 saat yüksək performans göstərə bilər. Bu isə bizə sərf etməz".

 

Müsahibimizin sözlərinə görə, Kadi yarımmüdafiənin önündə, hücum xəttində daha vacibdir:

 

"Ona görə də düşünürəm ki, Kuakonu həmin mövqedə sınayacaqlar. Belə zədələrin qarşısının alınmasına gəlincə, onlar iki cür olur: yorğunluqdan qaynaqlanan (fiziki-atletik) və bir də rəqibin kobud müdaxiləsindən yaranan fiziki zədələr. Fiziki zədələrin qarşısını almaq mümkün deyil. Yankoviçin də zədəsi rəqibin kobud oyunu nəticəsində baş verdi. Hətta rəqib oyunçuya qırmızı vərəqə də verilə bilərdi, amma hakim buna göz yumdu. Digər tərəfdən, yorğunluq və yüklənmədən qaynaqlanan zədələrin qarşısını almaq mümkündür. Klubda bu istiqamətdə işlər görülür. Futbolçunun çempionat, kubok və Avrokuboklarda fasiləsiz 90 dəqiqə oynaması damar yollarında problemlərə və müxtəlif zədələrə səbəb ola bilər. Ona görə balansı düzgün tapmaq vacibdir. Lakin Yankoviçin zədəsi məhz fiziki müdaxilə nəticəsində baş verib".

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər