Yaponiya Marsın peykindən nümunə gətirmək üçün kosmik missiyaya başlayıb
Yaponiya Marsın peyki Fobosdan toz və qaya nümunələri götürərək Yerə gətirməyi hədəfləyən kosmik missiyaya start verib. Missiya uğurla başa çatarsa, Marsın peyklərindən götürülmüş nümunələr ilk dəfə Yer laboratoriyalarında ətraflı araşdırılacaq. Yaponiya Kosmik Tədqiqatlar Agentliyinin (JAXA) rəhbərlik etdiyi Mars Moons Exploration (MMX) missiyası çərçivəsində kosmik aparatın 2027-ci ilin avqustunda Fobosa çatması planlaşdırılır. Aparat əvvəlcə Marsın digər peyki Deimosu da araşdıracaq, daha sonra Fobosa yönələcək. Peykin səthini öyrənmək və eniş üçün uyğun ərazini müəyyənləşdirmək məqsədilə kiçik robot aparat göndəriləcək. Daha sonra əsas kosmik aparat Fobosa enərək xüsusi mexanizmlər vasitəsilə nümunələr toplayacaq.
Təxminən 10 qram materialın xüsusi kapsula yerləşdirilərək 2031-ci ildə Yerə gətirilməsi nəzərdə tutulur. Miqdar az olsa da, alimlər hətta ayrı-ayrı toz dənələrinin belə peykin kimyəvi tərkibi və tarixi haqqında mühüm məlumatlar verəcəyini düşünürlər. Missiyanın əsas məqsədlərindən biri Fobos və Deimosun necə yarandığını müəyyənləşdirməkdir.
Alimlərin fərziyyələrinə görə, bu peyklər ya qədim dövrlərdə Marsla böyük kosmik cismin toqquşması nəticəsində yaranan qalıqlardan formalaşıb, ya da Günəş sisteminin uzaq hissələrindən gələn və Marsın cazibə qüvvəsinin təsiri ilə onun orbitində qalan asteroidlərdir. Fobosdan gətiriləcək nümunələrin kimyəvi və mineral tərkibinin araşdırılması bu ehtimallardan hansının doğru olduğunu müəyyənləşdirməyə kömək edə bilər.
Missiyanın daha bir maraqlı tərəfi nümunələrin tərkibində Marsa aid materialların aşkarlanması ehtimalıdır. Fobos Marsa yaxın yerləşdiyindən, planetin səthinə kosmik cisimlərin düşməsi nəticəsində qopan hissəciklər peykin səthinə çata bilər. Bu materialların tapılması alimlərə Marsın quruluşu və keçmişi haqqında yeni məlumatlar verə bilər. Marsdan nümunələrin Yerə gətirilməsi uzun müddətdir kosmik tədqiqatların əsas məqsədlərindən biridir.
NASA-nın Perseverance aparatı 2021-ci ildən Marsın səthini araşdırır və nümunələr toplayır. Lakin həmin nümunələri Yerə gətirmək üçün nəzərdə tutulan Mars Sample Return proqramı maliyyələşmə problemləri səbəbindən faktiki olaraq dayandırılıb. Çin də Marsdan nümunə gətirmək üçün öz missiyasını hazırlayır. Layihənin 2028-ci ildə start götürməsi və nümunələrin 2031-ci ildə Yerə çatdırılması planlaşdırılır. Hazırda Yer üzündə Marsa aid meteoritlər mövcud olsa da, onlar planetimizə çatdıqdan sonra hava, torpaq və su ilə təmas nəticəsində çirklənə bilir. Buna görə də Fobosdan birbaşa götürülərək Yerə gətiriləcək nümunələr alimlər üçün xüsusi elmi əhəmiyyət daşıyır.
Fatimə Hüseynova