Yaponiyada bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib
Yaponiyada Osaka Bələdiyyəsinə şəhərdə köhnəlmiş su sisteminin təmiri məqsədilə 566 milyon yen (təxminən 3,6 milyon dollar) dəyərində və 21 kiloqram ağırlığında “gizli” qızıl ianə edildiyi bildirilib.
Mainichi Shimbun qəzetinin xəbərinə görə, Osaka Bələdiyyə Başçısı Yokoyama Hideyuki jurnalistlərə açıqlamasında ötən il bir şəxsin şəhərdə köhnəlmiş su sisteminin təmiri üçün “təəccüblü miqdarda” qızıl ianə etdiyini bildirib.
Yokoyama qeyd edib ki, “adının gizli qalmasını istəyən” bu şəxs 2025-ci ilin noyabrında Osaka Bələdiyyəsi Su İşləri İdarəsinə 21 kiloqramlıq qızıl ianə edib.
Başçı əlavə edib ki, həmin şəxs “Su təchizatı layihəsinə kömək etmək üçün ianə etmək istəyirəm” ifadəsini işlədib və buna görə təşəkkür etməyə çətinlik çəkiblər. Yokoyama bildirib:
“Şok oldum. Bu, həqiqətən təəccüblü bir miqdardır. Su infrastruktur sistemi layihəsi üçün diqqətlə istifadə edəcəyik”.
Xəbərdə qeyd olunub ki, bələdiyyə rəsmiləri həmin şəxsin 2025-ci ilin oktyabrında da 500 min yen (təxminən 3 300 dollar) məbləğində nağd pul ianəsi etdiyini açıqlayıb.
Bələdiyyə idarəsinin ianə edilmiş qızılı sataraq əldə ediləcək gəliri su borularının dəyişdirilməsi layihəsində istifadə etməyi planlaşdırdığı bildirilib.
Yerli mediada əvvəlcə Osaka şəhərində köhnəlmiş su sisteminin təmiri işlərinin “həqiqi maliyyətin planlaşdırılan büdcəni aşması” səbəbindən gecikdiyi qeyd olunub.
Təxminən 2 milyon 800 min əhalisi olan Osaka şəhəri Yaponiyanın ticarət mərkəzlərindən biri hesab olunur.
TRT XƏBƏR
Lalə Qurbanlı
