Yaponiyadan Rusiyaya etiraz
Yaponiya Baş naziri Sanae Takaiçi Rusiyanın yaponiyalı jurnalist Yuki İmaini casusluq şübhəsi ilə saxlamasından sonra irəli sürülən ittihamları rədd edib. Hadisə son aylarda kəskinləşən Rusiya-Yaponiya münasibətlərində yeni gərginlik yaradıb.
Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Rusiya jurnalisti Yaponiya kəşfiyyatının tapşırığı ilə fəaliyyət göstərməkdə ittiham edir. Takaiçi jurnalistlərə açıqlamasında bu iddiaları rədd edərək “Belə bir fakt yoxdur” deyib.
Rusiyanın Xarici İşlər Nazirliyi saxlanılan jurnalistin Yuki İmai olduğunu açıqlayıb. Federal Təhlükəsizlik Xidməti (FSB) isə onun Yaponiyanın şimalında nəşr olunan “Hokkaido Shimbun” qəzetinin müxbiri olduğunu bildirib.
FSB-nin məlumatına görə, İmai Rusiyanın Uzaq Şərqində yerləşən Saxalin vilayətində ölkəni tərk etməyi planlaşdırdığı gündən bir gün əvvəl saxlanılıb. Xidmət jurnalistin saxlanıldığı dəqiq tarixi açıqlamayıb.
İmai Rusiyanın müdafiə imkanları ilə bağlı məlumatları kəşfiyyat məqsədilə toplamaqda və saxlamaqda ittiham olunur. FSB həmin məlumatlardan Rusiyanın təhlükəsizliyinə qarşı istifadə edilə biləcəyini iddia edib.
“Hokkaido Shimbun” qəzetinin rəhbərliyi jurnalistin kimliyini rəsmən təsdiqləməyib. Qəzet hadisənin təfərrüatlarını araşdırdığını və müxbirin təhlükəsizliyinin əsas prioritet olduğunu bildirib.
Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara çərşənbə günü bildirib ki, Tokio Rusiya hakimiyyətindən hadisə ilə bağlı məlumat istəyib. O, saxlanılan Yaponiya vətəndaşına ədalətli münasibət göstərilməsinə və humanitar mülahizələrin nəzərə alınmasına çağırıb. Kihara Moskvanı birbaşa qınamaqdan çəkinərək Tokionun müvafiq tədbirlər görəcəyini qeyd edib.
Yaponiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrevi nazirliyə çağıraraq etirazını bildirib. Etirazın səbəbləri arasında Yaponiya vətəndaşının saxlanılması, eləcə də Tokioya izahat verilmədən məsələ ilə bağlı birtərəfli bəyanatların yayılması yer alıb.
Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə idarəsinin baş direktoru Kimitake Nakamura səfir Nozdrevdən saxlanılan jurnalistlə mümkün qədər tez görüş keçirilməsinə şərait yaradılmasını da xahiş edib.
Nozdrev isə cümə axşamı Yaponiyanın da jurnalistləri kəşfiyyat məlumatlarının toplanmasına cəlb etdiyini iddia edib. O bildirib ki, “Yaponiyanın xüsusi xidmət orqanlarının Rusiyada akkreditə olunmuş yaponiyalı jurnalistlər də daxil olmaqla, özəl şəxsləri məxfi məlumatların toplanması yolu ilə ‘əməkdaşlığa’ cəlb etməsi qəbuledilməzdir”.
Rusiya dövlət televiziyasının yayımladığı videoreportajda qara forma geyinmiş və üzləri maskalı üç nəfərin yerdə uzanan bir kişiyə qandal taxdığı görünür. Kadrarxası mətndə həmin şəxsin casusluqda şübhəli bilindiyi bildirilir.
Takaiçi bildirib ki, Tokio bundan sonra Yaponiya vətəndaşlarının müdafiəsinə diqqət yetirəcək.
Hadisə Rusiya ilə Yaponiya arasında uzun müddətdir davam edən gərginlik fonunda baş verib. Kuril adaları ilə bağlı ərazi mübahisəsi səbəbindən iki ölkə İkinci Dünya müharibəsindən sonra hələ də rəsmi sülh müqaviləsi imzalamayıb. Yaponiyada həmin ərazilər Şimal əraziləri adlandırılır.
İmainin saxlanılması Yaponiyanın hüquq-mühafizə orqanlarının Osakada beynəlxalq “Qilin” ransomware qrupuna bağlı 28 yaşlı Rusiya vətəndaşını saxlamasından və onun kibercinayət ittihamları ilə Almaniyaya ekstradisiya edilməsindən bir neçə gün sonraya təsadüf edib.
Məqalənin hazırlanmasında AFP xəbər agentliyinin məlumatlarından da istifadə olunub.
The Moscow Times
Gülnar Mustafayeva