Yaralı olsa da əsgər yoldaşını tək qoymadı
Böyük zəfərlər böyük fədakarlıqlarla qazanılır, məsələn, özü yaralı olduğu halda əsgər yoldaşlarının yanından ayrılmayan vətən müharibəsi şəhidi Vüsal İsmayılzadənin fədakarlığı kimi...
Vüsal İsmayılzadə 17 oktyabr 2001-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 2007-ci ildə 322 nömrəli tam orta məktəbin 1-ci sinifinə başlayıb. 2018-ci ildə isə həmin məktəbi bitirərək hərbi xidmətə yollanıb, 21 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı şəhidlik mərtəbəsinə ucalıb.
Şəhidin anası Lalə İsmayılova saytımıza onunla bağlı danışıb. Ana deyir ki, Vüsal hərbi xidmətdə olduğu müddətdə komandirlərinin rəğbətini qazanan, nümunəvi əsgərlərdən biri olub, şəkli hərbi hissədəki şərəf lövhəsinə fəxri əsgər kimi vurulub, dəfələrlə fəxri fərmanla təltif olunub.
"O, məktəbdə təhsil aldığı zamanlarda da vətənpərvər şagird kimi hər kəsin sevgisini qazanıb. Tədbirlərdə iştirak edirdi, vətənə aid şeirlər səsləndirirdi, səhnəciklərdə iştirak edirdi. 2020-ci il Vətən Müharibəsi başlayan zaman Qarabağa yollandı, öncə əsgər yoldaşları ilə Füzulinin azad olunmasında iştirak etdi. Həmin ağır döyüşlərin qələbə ilə nəticələnməsində onların rolu böyük olub. Füzulini azad etdikdən sonra Cəbrayıla doğru yollanıb və Cəbrayıl azad edildikdən sonra Xocəvənd uğrunda döyüşlərə başlayıblar. Və bu döyüşlərdə raket qəlpələri nəticəsində oğlum Vüsal İsmayılzadə dostları ilə birlikdə ağır yaralansa da, Vüsalın yarası dostlarına nisbətən yüngül olduğu üçün yaralı halda dostlarına kömək etməyə başlayır. Əraziyə gələn tibbi yardım maşınına minmir, əsgər dostlarına kömək edir, onları tibbi yardım maşınına aparır. Gedə bilməyən dostlarını isə tək qoymur, onlarla birlikdə qalır. Ona yarasının yüngül olmadığı, xəstəxanaya getməli olduğu deyilsə də, Vüsal dostlarını tək qoymaq istəmir, onların yanında qalır. Tibbi yardım maşını yenidən qayıtdıqdan sonra isə Vüsalın çoxlu qan itirdiyini, vəziyyətinin ağır olduğunu görürlər və xəstəxanaya aparmağa çalışsalar da, Vüsal xəstəxanaya aparılan zaman yolda şəhadətə qovuşur".
Lalə xanım əsgər dostlarının Vüsalla bağlı təəsüratlarından da danışıb:
"Oğlumun əsgər yoldaşları və komandiri onun vətəninə, dostlarına olan sevgisindən hər zaman böyük qürur hissi ilə danışır. Onlar deyirlər ki, Vüsal hər zaman dostlarını çox sevib, onları qorumağa çalışıb. Mən də öz övladımla qürur duyuram. Vüsal kimi oğul böyütdüyüm üçün fəxr edirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm. Allah bütün əsgərlərimizi, zabitlərimizi qorusun, gənclərimizə isə bütöv Azərbaycanın vətəndaşı kimi vətənlərini sevmələrini, vətənə layiq övlad olmalarını, şəhidlərimizi unutmamalarını tövsiyə edirəm".
Şəhid Vüsal İsmayılzadə" Vətən uğrunda", "Füzulinin azad olunması uğrunda", "Cəbrayılın azad olunması uğrunda", "Xocavəndin azad olunması uğrunda" medalları ilə təltif edilib.
Nəzrin Mirzəyeva
