Yaşayış məntəqələinə yaxın yanacaqdoldurma məntəqələri - RİSKLƏR
İstər paytaxtın mərkəzində, istərsə də Bakının qəsəbələrində yanacaqdoldurma məntəqələrinin obyektlərin və yaşayış evlərinin yaxınlığında fəaliyyət göstərdiyini görürük. Bu kimi hallar həmin ərazidə yaşayanların həyatı üçün birbaşa təhlüklə mənbəyidir. Elə bu vəziyyətdən vətəndaşların özləri də narahat görünür.
Sözügedən bənzər yerlərdən birinə də Nərimanov rayonu ərazisində, Dədə Qorqud parkının yaxınlığında rast gəlmək mümkündür. Bu ərazidəki yanacaqdoldurma məntəqəsi ilə yaşayış evləri və obyektlər arasındakı ara məsafə demək olar heç gözlənilməyib. Həmçinin burdakı yanacaqdoldurma məntəqəsi insanların tez-tez üz tutduğu və sıxlıq təşkil etdiyi Bakı Zooloji parkın düz qarşısında yerləşir.
Sakinlərdən biri deyir ki, yaxınlarda Dağıstanda baş verən hadisə özümüz şahid olduq. İnsan təlafatı ilə nəticələndi: "Belə vəziyyət şübhəsiz risklidi. Amma qəza baş versə günahkar onun yiyəsidir".
Ekspertlər deyirlər ki, yanacaqdoldurma məntəqələrinin şəhərin mərkəzində yerləşdirilməsi kimi məhdudiyyətlər yoxdur. Lakin bu məsələdə diqqət edilməli məqamlar var. Yanacaqdoldurma məntəqəsi sonradan tikilirsə evlər, obyektlərlə arasındakı məsafə tənzimlənməlidir. Əgər məntəqə daha əvvəldən fəaliyyət göstərirsə, onda sonrakı tikililər məntəqəyə uyğunlaşdırılmalıdır. Bu, hətta qanunda da öz əksini tapır. Amma qanunun icrasına gəldikdə mənzərə göz önündədir.
Ekspert Elməddin Muradlı deyir ki, araşdırsaq Bakı şəhərində bəlkə də 20-30 yanacaqdoldurma məntəqəsi var ki, təhlükəlidir: "Onlar sökülməli, çıxarılmalıdır şəhərin mərkəzindən. 200 metrdən çox məsafə olmalıdır. Bu qanunvericilikdə tətbiq olunur. Evlərdən kənarda olmalıdı. Obyektlərdən də mütləq kənar olmalıdrı. Orda yanacaq çənlərinin yerləşdirilməsi məsafəsi ölçülməlidir. Hansı dərinlikdə, hansı temperaturda olmalıdır, necə saxlanılmalıdır. Və yaxud da məntəqə var idisa onun yaxınlığında ev tikilməsinə icazə verən məmuru cəzalandırmaq lazımdır ki, yəni məsafəni sən pozursan".
Bu kimi məntəqələrin tikintisində məsuliyyət Fövqəladə Hallar Nazirliyinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərindədir. Cavabdeh qurum Şəhərsalma komitəsindən müraciətimizə cavab olaraq bildirildi ki, məntəqə sahibinin təqdim etdiyi mülkiyyət sənədi və aidiyyəti dövlət qurumlarının, habelə FHN-nin rəylərinə baxış keçirildikdən sonra məntəqənin tikintisinə icazə verilir. Fövqəladə Hallar Nazirliyi isə deyir ki, tikinti aparıldığı zaman yerində baxış keçirilir və məntəqə sahibinin sənədləri standarlara uyğundursa, buna nazirlik heç bir müdaxilə edə bilmir. Amma paytaxtın mərkəzində belə məntəqələrin fəaliyyət göstərməsi hansısa boşluqların olduğunu deməyə əsas verir.
