YAŞI BİR ƏSRDƏN ÇOX OLAN TİKİLİLƏR TƏHLÜKƏ SAÇIR
Paytaxtın Yasamal rayonu, Əliövsət Quliyev, 33 ünvanı. Bir zolaqlı avtomobil yolunun sağında və solunda 100-150 il əvvəl tikilən evlərin əksəriyyətində artıq nəinki yaşamaq, hətta yaxınlığından keçmək belə təhlükəlidir.
1910-cu ildə istismara verilən tikilinin eyvanı hazırda elə vəziyyətdədir ki, insan söz tapmır deməyə. Qalın dəmirlər, çürümüş taxtalar yükü artıq götürə bilmir. Ev sahibi isə vəziyyətdən çıxış yolu kimi ensiz taxtadan istifadə edib. Ev sahibi deyir ki, mövcud vəziyyətlə bağlı dəfələrlə Bakı şəhər İcra hakimiyyətinə, Yasamal rayon Mənzil-Komunal Təsərrüfatı birliyinə məlumat verib. Təhlükənin qarşısının alınması ilə bağlı heç bir tədbir görülmədiyi üçün o da belə bir çıxış yolu tapıb.
Qəribəsi isə odur ki, ərazidə təhlükə saçan eyvan təkcə bu deyil. Demək olar ki, Əliövsət Quliyev küçəsi ilə kəsişən bir neçə küçədəki evlərdə də oxşar vəziyyət yaşanır. Bəzilərinin taxta və dəmir konstruksiyaları çürüyüb, bəzilərinin isə divarlarında enli çatlar əmələ gəlib. Ərazidə yaşayanlar deyirlər ki, bir neçə ay əvvəl tanımadıqları şəxslər əraziyə gələrək tikilinin söküləcəyini və ev sahiblərinə mənzillərin kvadratına uyğun kompensasiya veriləcəyini bildiriblər.
Yasamal rayon Mənzil-Komunal Təsərrüfatı birliyindən isə deyildi ki, əraziyə mütəxəssislər baxış keçirib, qəzalı evlərin sayı dəqiqləşdirilib və müvafiq sənədlər hazırlanıb, aidiyəti üzrə göndərilib. Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Fəxri Hüseynovun sözlərinə görə, söküləcəyi və yenidən təmir ediləcəyi veriləcək qərardan asılıdır. “Həmin müddətə qədər insanların təhlükəsizliyini təmin etmək üçün eyvanlarda uçma təhlükəsi olan konstruksiyalar sökülür”.
GÜNDÜZ
