00:00:00
Yazar
Admin User
23.12.2025 14:27 113 3 dəq oxuma
Sosial

Yaşıl şəhər konsepsiyası və dayanıqlı inkişaf

Yaşıl şəhər konsepsiyası və dayanıqlı inkişaf

 

Son illərdə dünyada olduğu kimi Azərbaycanda da yaşıl şəhər konsepsiyasına maraq artmaqdadır. Bu yanaşma şəhər mühitində ekoloji tarazlığın qorunmasını, enerji resurslarından səmərəli istifadəni və əhalinin həyat keyfiyyətinin yüksəldilməsini hədəfləyir.


Mövzu ilə bağlı olaraq ekoloq Sadiq Həsənov “İnformator.az” a açıqlamasında bildirib ki, bu layihə çox prioritet layihədir:

“Yaşıl Şəhər layihəsi çox prioritet layihələrdən biridir. Bu layihə şəhərlərin yaşıllaşdırılması, geniş yaşıllıq sahələrinin olması və bir çox komponentləri əhatə edir. Burada əsas diqqət yetirilən məsələlərdən biri şəhərlərdə parkların yaradılması, şəhər meşələrinin salınması, yaşıl damların (dam örtüklərinin yaşıllaşdırılması), yaşıl divarların təşviq olunması və daha keyfiyyətli tikinti materiallarından istifadə edilməsidir. Bu, bir çox Avropa ölkələrində tətbiq olunur.
Əsas komponentlərdən biri də dayanıqlı nəqliyyatdır. Bu, dəmir yolları, elektriklə işləyən ictimai nəqliyyat vasitələri və elektrik avtomobillərinin artırılması kimi məsələləri əhatə edir ki, ətraf mühit nəqliyyat səbəbindən çirklənməsin.
Bərpa olunan enerjidən istifadə də vacib komponentlərdəndir. Burada günəş batareyaları, külək enerjisi və evlərdə alternativ enerjidən istifadə nəzərdə tutulur. Eyni zamanda enerji baxımından effektiv binaların tikilməsi də bu konseptə daxildir. Bu cür binalar az enerji ilə həm yayda sərin, həm də qışda isti olur. Məsələn, keçmişdə Azərbaycanda tikilmiş belə binalarda bir dəfə isitmə sistemi işlədildikdə 10–12 saatlıq istilik saxlanıla bilirdi.
Tullantıların idarə olunması da önəmlidir. Burada plastik, kağız, qida tullantıları, metal kimi materialların çeşidlənməsi və təkrar emalı nəzərdə tutulur ki, bu da ətraf mühiti çirkləndirmədən həyata keçirilməlidir. Su sistemlərinin idarə olunması da əsas komponentlərdəndir. Suyun qənaətli istifadəsi, çirkab suların təmizlənərək yaşıllıqların suvarılmasında və digər məqsədlərdə istifadə edilməsi vacibdir. Biomüxtəlifliyin qorunması da bu layihənin tərkib hissəsidir”.

 

Həmçinin ekoloq onu da qeyd edib ki, Azərbaycanda artıq bu layihə yerinə yetməyə başlayıb:


“Ümumilikdə isə ictimaiyyət bu istiqamətə fokuslanmalıdır. Artıq Azərbaycanda bu proses başlayıb. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra olunur, burada bərpa olunan enerji, su ehtiyatlarından qənaətli istifadə və yeni suvarma sistemləri tətbiq edilir. Son beş ildə biz bu istiqamətdə addımları hissə-hissə görürük.
Lakin bu layihə asan deyil. İnsanların bu sistemə uyğunlaşması vacibdir. Məsələn, Bakını yaşıl şəhərə çevirmək çox çətindir, çünki yaşıllıq azdır, nəqliyyat sıxlığı böyükdür, sənaye obyektləri çoxdur, tullantıların idarəsi və təkrar istifadəsi ilə məşğul olan strukturlar isə kifayət qədər güclü deyil. Bu baxımdan Azərbaycan hökumətinin ən doğru addımı işğaldan azad olunmuş Qarabağ zonasında yaşıl şəhər layihələrinin tətbiqidir.
Yaşıl şəhər salmaqla bağlı əsas məsələlərdən biri insanların təbiətə münasibətini dəyişməkdir. İnsanları maarifləndirmək, təbiətin qədrini bilmək və onu qorumaq duyğusunu formalaşdırmaq çox çətin prosesdir. Avropa və xüsusilə Skandinaviya ölkələri bu mərhələni artıq keçiblər. Orada ictimai şüur yüksəkdir və təbiətə zərər cəmiyyətdə ciddi reaksiya doğurur.
Bu səbəbdən yaşıl şəhər layihələri təkcə maliyyə ilə deyil, paralel şəkildə maarifləndirmə yolu ilə də həyata keçirilməlidir. Bakı şəhərində isə yarımsəhra iqlimi, su qıtlığı və torpaq qatının zəifliyi yaşıllaşdırma prosesini daha da çətinləşdirir və bu sahədə daha çox resurs tələb edir”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər