Yatsaq, yuxumuza belə gəlməyəcək işlər baş tutdu
“Mən 1991-1993-cü illərdə I Qarabağ müharibəsinin iştirakçılarından oldum. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin batalyonunda döyüşdüm. Eyni zamanda isə kəşfiyyatçı da olmuşam. Bu müddət ərzində isə 2 dəfə minaya düşüb yaralandım. 44 günlük müharibə ərəfəsində isə Müdafiə Nazirliyinin xətti ilə N saylı hərbi hissəyə - cəbhənin Cənub istiqamətindəki hərbi hissəyə xidmətə göndərildik”.
Bu sözləri İnformator.az-a açıqlamasında Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu söyləyib.
“44 günlük müharibə zamanı döyüş hazırlığı, bilik və bacarıqlarımızın əsgərlərimizlə bölüşülməsi, döyüşən qüvvələrə psixolji dəstək məqsədilə hərbi hissəyə göndərildik. Həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsinə qədər baş verən bütün proseslərin canlı şahidi oldum”.
Rey Kərimoğlunun sözlərinə görə, bizlər xalq olaraq 2016-cı ildə baş tutan aprel döyüşlərinin canlı şahidi olduq.
“Nəhayət, 2020-ci il, 44 günlük müharibədə Şanlı Zəfər tariximizi yazdıq. Bu gün Xankəndi, Xocalı başda olmaqla külli Qarabağ azaddır. Yatsaq, yuxumuza belə gəlməyəcək işlər baş tutdu. Bu işlərin memarı Ali Baş Komandan, Cənab prezidentimiz İlham Əliyevdir. Qələbənin əsas səbəbkarları şəhidlərimizdir, hansı ki, onlar bu yolda canlarını fəda etdilər; qazilərimizdir, hansı ki, onlar vətənləri uğrunda öz sağlamlıqlarını belə itirməyə göz yumdular; bütövlükdə isə qələbəmizin səbəbkarları igid, mərd, vətənpərvər döyüşçülərimizdir”.
Jurnalist deyir ki, bizlər onların xatirəsini daim uca tutmalı, hər zaman hörmət bəsləməliyik.
“Şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı arzu edirəm. Bu müharibə Azərbaycanın milli kimliyini yeni təqdimatda dünyaya tanıtdı. İllərlə deyirdilər ki, Qarabağ getdi, kimdi döyüşən-vuruşan, onu alan? Baxmayaraq ki, biz - Qarabağ qaziləri ictimai birliyi, onun mərhum sədri Etimad Əsədov, növnəti sədri Asəf Əliyev, hərbi diktorumuz Şəmistan Əlizamanlı, hər birimiz bu istiqamətdə illərdir təbliğat aparırdıq ki, bu yurdları azad edəcəyik, Azərbaycanın gücü buna yetəcək, təki müharibə başlasın”.
Rey Kərimoğlu qeyd edir ki, Ali Baş Komandanımız möhtəşəm ordu quraraq, ölkədə vahid komanlığı dəmir yumruq kimi yaratdı, həlledici döyüşə ordumuzu, xalqımızı hazırladı.
“Ordumuz 44 günlük müharibə ilə qalib gəldi, bizləri, bütün xalqımızı sevindirdi. 19-20 sentyabr 1 günlük antiterror əməliyyatları nəticəsində isə Xocalı, Xankəndi, Ağdərə, Əsgəran rayonları və digər kəndlərimiz tam azad olundu. Bu çox böyük və qürurlu bir qələbədir. Bunun əhəmiyyətini, əzamətini nə qədər vəsf etsəm də, bütün sözlər ifadə etməyə aciz qalacaq.
Sonda isə jurnalist Rey Kərimoğlu 8 Noyabr Zəfər Günü münasibətilə xalqımıza öz təbrikini çatdırıb.
“Hər kəsi təbrik edirəm, bayramları mübarək olsun! Şəhid analarımızın əllərindən öpür, bütün şəhid ailələrimizin qarşısında baş əyir, qazilərimizi və döyüşçülərimizi isə bağrıma basıram”.
Həcər Əmiraslanlı
