Yaxın Şərqdə sülh üçün Hizbullahın tərksilahı əsas şərtlərdən biridir- ŞƏRH
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkə Livandakı Hizbullahdan gələn istənilən təhdidə sərt cavab verməyə hazırdır. Onun sözlərinə görə, İran və Hizbullah zəifləyib, İsrailə hücumlar dayanıb. Lakin hücumlar yenidən başlasa, İsrail özünümüdafiə hüququndan istifadə edərək qətiyyətli cavab verəcək. Netanyahu həmçinin İran və Hizbullahla mübarizənin hələ bitmədiyini vurğulayıb.
Mövzu ilə bağlı siyasi şərhçi Abutalıb Səmədov “İnformator.az”a açıqlamasında bildirib ki, İran və Hizbullahın zəifləməsi fonunda İsrailin mümkün yeni hərbi əməliyyatları Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb ola bilər:
“İranın və Hizbullahın zəifləməsi barədə İsrail Baş nazirinin söylədiyi sözlər həqiqətə uyğundur. Həqiqətən də ABŞ-nin və İsrailin İrana zərbələri onun hərbi potensialını xeyli azaldıb. İsrailin Hizbullaha qarşı apardığı hərbi əməliyyatlar da təsirsiz ötüşmür. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Hizbullahın arxasında İran dayanır və İranın da indiki şəraitdə ona ciddi yardım göstərmək imkanı yoxdur. İsrail Baş nazirinin Hizbullahın yeni hücumlarına sərt cavab verəcəyi barədə bəyanatı və bunu reallaşdırması şübhəsiz ki, Yaxın Şərqdə gərginliyi xeyli artıracaq”.
Politoloq qeyd edib ki, İran-ABŞ arasında nüvə sazişinin əldə olunmaması və Hizbullahın tərksilahdan imtina etməsi Livanda və ümumilikdə Yaxın Şərqdə gərginliyin davam etməsi riskini artırır:
“Məlumdur ki, İsraillə Livan arasında müqavilə imzalanıb. Bu müqaviləyə görə, Hizbullah tərksilah olunmalıdır. O isə silahı yerə qoymaq və siyasi partiya kimi fəaliyyət göstərmək istəmir. Arxasında isə İran dayanır. Bütövlükdə Yaxın Şərqdə gərginliyin azalması üçün ilk növbədə İranla Amerika Birləşmiş Ştatları arasında nüvə proqramı ilə bağlı razılaşma imzalanmalıdır. Bu ehtimal, çox təəssüf ki, o qədər yüksək deyil. Hər halda ümidlər var.
İkinci məsələ, Hizbullah tərksilah olunmalı və siyasi partiya kimi fəaliyyət göstərməlidir. Bu gün Livan hökuməti Hizbullaha nəzarət edə bilmir. Bu səbəbdən bu cür gərginlik bundan sonra da davam edəcək. ABŞ və İsrailin Hizbullahın tərksilahına nail olması, eləcə də İran və Livanla razılaşmaların icrası Yaxın Şərqdə gərginliyin azalmasına və regionda sabitliyin güclənməsinə töhfə verə bilər.
Ancaq ümid edirəm ki, ABŞ və İsrail birlikdə Hizbullahın hərbi qanadının tərksilah olunmasına nail ola bilər. Həm İranla, həm Livanla imzalanan müqavilələrin reallaşması imkan verər ki, Yaxın Şərqdə gərginlik minimuma endirilsin. Eyni zamanda, Qəzza bölgəsində də yəqin uzun müddətdir nəzərdə tutulan işlər reallaşa bilər. Güman edirəm ki, bu, həm ABŞ-nin, həm də Trampın rəhbərliyi ilə yaradılan Dünya Sülh Şurasının əsas işi olmalıdır”.
Aydan Əsgərxanlı