"“Yaxşı başlanğıc”dan sonra ABŞ-lə danışıqlar davam edəcək"
İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, Omanda ABŞ-lə aparılan danışıqlardan sonra tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Onun sözlərinə görə, görüşlər “yaxşı başlanğıc” olub və yalnız nüvə məsələsinə fokuslanıb. Növbəti mərhələnin detalları məsləhətləşmələrdən sonra müəyyən ediləcək.
Danışıqlar ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu artırdığı,
Prezident Donald Trampın isə razılaşma əldə olunmasa, İrana zərbə endirə biləcəyi ilə hədələdiyi bir dövrdə baş tutub. İran isə hücum olacağı təqdirdə cavab verəcəyini açıqlayıb.
ABŞ tərəfi nüvə proqramı ilə yanaşı, İranın ballistik raketləri və bölgədəki müttəfiq silahlı qruplara dəstəyini də müzakirə etmək istəyir. Tehran bu tələbləri suverenliyə müdaxilə kimi qiymətləndirir və qəbulolunmaz sayır.
Analitiklərə görə, danışıqlar İran üçün ABŞ-nin mümkün hərbi müdaxiləsinin qarşısını almaq şansı yarada bilər. Eyni zamanda, İran sanksiyaların ləğvini əsas şərt kimi irəli sürür. ABŞ isə razılaşmanın yalnız nüvə məsələsi ilə məhdudlaşmamasında israrlıdır.
BBC
Reyhan Quliyeva
