Yay istisində kondisionerdən təhlükəsiz istifadə qaydaları
Alimlər hesab edirlər ki, kondisionerlər otağın havasında olan vitaminləri məhv edir. Həkimlər isə bildirirlər ki, həmin cihazlardan qeyri-düzgün istifadə yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmə aparıb çıxara bilər.
Mövzu ilə bağlı kondisioner ustası Rəşad Məhərləmov “İnformator.az”a açıqlamasında bildirib ki, isti havalarda kondisionerdən düzgün istifadə etmək sağlamlığın qorunması baxımından olduqca vacibdir:
“Bir çox insan hesab edir ki, temperatur nə qədər aşağı seçilərsə, otaq bir o qədər tez və yaxşı sərinlənər. Əslində isə bu, doğru yanaşma deyil. Kondisionerin üzərində seçdiyiniz temperatur otaqda saxlamaq istədiyiniz istilik dərəcəsini göstərir. Cihaz həmin temperatura çatdıqda avtomatik olaraq fasilə rejiminə keçir. Buna görə də kondisioneri 23–25°C aralığında işlətmək daha məqsədəuyğundur. Ən ideal seçim isə adətən 24°C hesab olunur. Əgər otaq çox istidirsə, temperaturu 23°C-ə endirmək olar. Hava bir qədər sərinləşdikdən sonra isə 24–25°C kifayət edir. Bu rejim həm orqanizm üçün daha rahatdır, həm də kondisionerin fasilələrlə işləməsinə imkan verərək enerjiyə qənaət edir.Gecə saatlarında da kondisioneri 24°C-də saxlamaq tövsiyə olunur. Çünki günəş olmadığından otaq daha tez soyuyur. Bu temperatur həm otağın həddindən artıq soyumasının qarşısını alır, həm də kondisionerin fasilələrlə işləməsini təmin edərək sağlamlıq üçün daha təhlükəsiz və komfortlu mühit yaradır”.
Güllər Gülhüseynova