Yayda yanğın təhlükəsi- Əhaliyə xəbərdarlıq
Hər ötən il yanğınların sayı artır. Xüsusilə yayın gəlişi ilə mətbuatda gedən yanğın xəbərlərini daha da çox görürük. Havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və yayılması təhlükəsini artırır. Ehtiyatsız davranış nəticəsində isə yanğınlar insanların həyatına son qoyur. 2022-ci il Azərbaycanda baş vermiş yanğınların 1400-dən çoxu məhz yaşayış binalarında baş verib. Xüsusilə yanğınlar çoxmənzilli yaşayış binalarında baş verir ki, bu da riskləri daha da artırır.
Ekspertlərin fikrincə, əksər hallarda yanğınların əsas səbəbi elektrik dövrəsinin artıq yüklənməsi və qısaqapanmadır. Bunun üçün də elektrik naqilləri elektrik cihazlarının gücünə uyğun seçilməlidir. Əks təqdirdə, elektrik naqili həddindən artıq qızır. Nəticədə naqilin izolyasiyası keyfiyyəti tədricən itir və bu da qəza və yanğının baş verməsinə səbəb olar. Bir yuvaya bir neçə elektrik cihazının qoşulması da belə hallara səbəb ola bilər.
Təhlükəsizlik eksperti Elmar Nurəliyevin sözlərinə görə, insanların yanğın təhlükəsizliyinə biganə yanaşması, təhlükəsizlik qaydalarının pozulması, ümumiyyətlə yanğın təhlükəsizliyi avadanlıqlarının, qurğularının, yanğın təhlükəsi yarada bilən, yəni yüksək yanma qabiliyyətli maddələrlə düzgün davranışın sərgilənməməsi yanğın hadisələrini qaçılmaz edir. Evlərdə elektrik avadanlıqları qurğularını nəzərətsiz qoymaq olmaz. Ekspert deyir ki, yanğın baş verdiyi zaman ilk görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, yanğın yerinin ünvanını söyləməlidir. Daha sonra insanları köçürmək, bundan sonra isə mövcud vasitələrlə yanğını söndürməyə çalışmaq lazımdır. Əgər elektrik naqilləri yanırsa, naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır. Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz. Yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər yerlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əsgi ilə bağlamaq lazımdır.
Güclü tüstü olan yerdə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Paltarı alışan şəxs qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip bükməyə çalışmalıdırlar. Elmar Nurəliyev insanları evlərini tərk edərkən məişət cihazı və ya digər texniki avadanlıqları elektrik şəbəkəsindən ayırmağa çağırır. Bildirir ki, yay mövsümündə tez-tez səfər edən insanlar bu məsələdə daha diqqətli olmalıdırlar.
Qeyd edək ki, 2022-ci il ərzində Azərbaycanda baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2 095 olub. Məlumata görə, yanğın hadisələri zamanı 51 nəfər həlak olub ki, bu da 2021-ci illə müqayisədə 34% çoxdur. 2022-ci ildə xəsarət alanların sayı 219 nəfərdir, bu isə ondan öncəki illə müqayisədə 70% çoxdur.
Aysel
