YAYILAN XƏSTƏLİK NƏDİR?
Son dövrlər sosial şəbəkələrdə xəstəlikdən əziyyət çəkənlərin şikayəti artır. "Artıq 3 gündür ki, xəstə yatıram. İynə vurdurmaqdan, dərman içməkdən, sistem asdırmaqdan bezmişəm. Özumə gələ bilmirəm ki, bilmirəm. Nə dərddir, nə bəladır, bilmirəm. Özünüzü qoruyun, dostlar". Bu, sözügedən statuslardan yalnız biridir. İnsanlar arasında kütləvi yayılan bu xəstəliyin adı nədir?
Qeyd edək ki, bir neçə gün əvvəl Səhiyyə Nazirliyi də kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər.
Müalicə həkimi Aydın Əliyev insanları panikaya düşməməyə çağırır. Deyir ki, bu qripəbənzər əlamətlərdir. Bu xəstələrdə intoksikasiya sindromu müşahidə edilir. Xəstəliyin azalıb-artması dalğavari xarakter daşıyır. Aydın Əliyev xəstəliyin səbəbini soyuqların düşməsi ilə əlaqələndirir. "Mütləq hər bir insan həkimə müraciət etməli, yəni diaqnoz qoyulmalıdır. Bəli, artıq payız gəlir, yayın istiləri yavaş-yavaş çəkilir, isti-soyuq məsələləri, soyuq sular, bunlar hamısı müəyyən virusların və infeksiyaların yayılmasına səbəb olacaq". Aydın Əliyev deyir mi, xüsusən də gigiyenasını gözləməyən insanlar bədən və havanın temperaturunu uyğunlaşdıra bilmədiklərindən daha tez xəstələnirlər. Müalicə həkimi iki nüansa diqqət çəkir - diaqnozun qoyulması və buna əsasən dərman yazılması.
SAMİRƏ KƏRİMLİ
